Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən daşınmaz əmlakın icbari sığortası üzrə 21 326,4 min manat həcmində sığorta haqqı yığılıb.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu müddətdə eyniadlı sığorta növü üzrə şirkətlər tərəfindən 2 211,4 min manat ödəniş həyata keçirilib.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 66,1%, ödənişlər isə 48,7% artıb.
Bu müddətdə daşınmaz əmlakın mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar illik müqayisədə 5,2% artaraq 175,5 min manat təşkil edib. Hesabatda deyilir ki, bu ilin yanvar-aprel ayları ərzində eyniadlı sığorta növü üzrə 1 400 manat ödəniş həyata keçirilib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə isə bu sığorta növü üzrə ödəniş olmayıb.
Xatırladaq ki, hesabat dövründə bütün sığorta növləri üzrə cəmi yığımlar illik 17,4% artaraq 311 337 min manat, ödənişlər isə 58,4% artaraq 105 564,7 min manat təşkil edib.
Mənbə: Apa.az