Karantin rejimi ilə bağlı olaraq bir sıra ölkələrdə avtomobil qəzalarının az olması səbəbindən sığorta haqqının müəyyən bir hissəsi müştərilərə geri qaytarılır. Bu isə hərəkət məhdudiyyətinin olduğu dövrdə istifadə olunmayan avtomobillərə görə ödənilən sığorta haqqının bir hissəsinin kompensasiyası deməkdir.
Bəs Azərbaycanda sığorta şirkətləri tərəfindən belə bir addım atıla bilərmi?
Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov bildirdi ki, karantin rejimi ilə bağlı avtomobillərin hərəkətinin məhdudlaşdırılması, ölkəmizdə sığorta hadisələrinin sayını əhəmiyyətli deyiləcək dərəcədə aşağı endirməyib: "Mərkəzi Bankın hesabatlarında sığorta hadisələri ilə bağlı məlumat aprelin 1-nə qədər qeyd olunub. May ayı üçün olan göstəriciləri müəyyən etməmiş bu barədə danışmaq tez olar".
Ekspert əlavə edib ki, avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortasında belə halı tətbiq etmək maraqlı olardı: "Lakin həmin müqavilə eyni zamanda 1-2 aylıq deyil 1 illik nəzərdə tutulub və kifayət qədər risklidir. Əgər 2 ayda sığorta hadisəsi baş verməsə də, növbəti 10 ayda hadisənin olması ehtimalı var. Həm də sığorta müddətində qəza törətməyən avtomobillər üçün bonus-makus sistemi tətbiq edilir, yəni sığorta hadisəsi baş vermədikdə növbəti ildə ildə sığorta haqqında rəsmi 5% endirim əldə edir".
Həmçinin ekspert Azərbaycanda icbari sığorta haqlarının kifayət qədər aşağı, icbari sığortanın isə ən zərərli sığorta növü olduğunu bildirərək belə kompensasiyanın mümkün olmayacağını söyləyib.
Mənbə: MediaPost.az