preloader gif

İşsizlikdən sığorta ödənişinin təyinatı avtomatlaşdırılacaq

sığorta,sigorta,sigorta xeberleri,sigorta odenisleri,sığorta xəbərləri,sigorta sirketleri,sığorta şirkətləri
12:03 09.07.2021

Ötən il “İşsizlikdən sığorta haqqında” Qanuna edilən dəyişikliklə işsizlikdən sığorta ödənişinin verilməsi qaydaları sadələşdirilib və sığorta məbləğinə artım edilib. Yeni qaydalara əsasən, işəgötürənin ləğvi və ştatın ixtisarı nəticəsində işdən azad olunan şəxslərlə yanaşı, müddətli əmək müqaviləsinin bitməsi nəticəsində işsiz qalan şəxslərin də işsizlikdən sığorta ödənişi almaq hüququ yarana bilər. Bu yenilik işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib. Tətbiq edilən yeni qaydalar əsasında Dövlət Məşğulluq Agentliyi 2021-ci ilin 6 ayı ərzində 1570 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə çoxdur.

İşsizlikdən sığorta ödənişi üçün necə müraciət edilməlidir?

Bunun üçün əvvəlcə “Məşğulluq” altsistemində və ya müvafiq məşğulluq mərkəzinə müraciət etməklə qeydiyyatdan keçmək lazımdır. Şəxs üçün münasib iş tapmaq mümkün olmadıqda ona işsiz statusu verilir və o, işsiz kimi qeydiyyata alındıqdan sonra sistemdə yerləşdirilmiş ərizəni təsdiq edir. Şəxsin müraciətinə 10 gün ərzində baxılır və sığorta ödənişinin təyin və ya imtina edilməsi barədə qərar çıxarılaraq bu barədə məlumat onun elektron kabinetində yerləşdirilir və (və ya) qeyd edilmiş mobil telefon nömrəsinə bildiriş göndərilir.

İşsizlikdən sığorta ödənişi bu hallarda təyin edilir:

- dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər - ən azı 1 il sığorta stajı olduqda,

- əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslər – işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olduqda.

İşsizlikdən sığorta ödənişi bu cür hesablanır:

- dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta ödənişi sığorta stajından asılı olmayaraq itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində. 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajına malik olduqda isə minimum sığorta ödənişi məbləğində,

- əmək müqaviləsinin müddətinin bitməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün işsiz kimi qeydiyyata alındığı tarixdən 3 ay sonra - minimum aylıq əmək haqqı məbləğində 3 ay müddətində ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Qanuna edilən yeni dəyişikliyə əsasən, işsizlikdən sığorta ödənişinin avtomatlaşdırılmış təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu, işsiz şəxslərin müxtəlif sənədlər toplamasına və bu sənədlərlə hansısa quruma müraciət etməsinə ehtiyacı aradan qaldıraraq, avtomatlaşdırılmış qaydada işsizlikdən sığorta ödənişinin təyinatına imkan verəcək.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET