İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) icbari tibbi sığortanı bu ilin 1 yanvar tarixindən 23 inzibati ərazidə – Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaşda tətbiq edib.
Agentlikdən verilən məlumata görə, bu ilin ilk 5 ayı ərzində sözügedən ərazilərdə tibb müəssisələrinə 906 131 nəfər, 1 636 166 müraciət edib, bu müraciətlər üzrə 4 585 307 tibbi xidmət göstərilib.
Vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir (240 093), Yevlax (135 380), Xaçmaz (114 385), Zaqatala (111 711) və Şəkidir (104 544). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 085 076), Yevlax (338 175), Ağdaş (337 022), Qusar (258 071) və Quba rayon Mərkəzi Xəstəxanalarıdır (254 415).
Qeyd edək ki, agentlik tərəfindən tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, ən çox Bərdə-Yevlax TƏB-ə müraciət edilib. Bərdə-Yevlax TƏB üzrə 449 037, Şəki-Zaqatala TƏB üzrə 428 025, Quba-Xaçmaz TƏB üzrə 321 767, Göyçay-Kürdəmir TƏB üzrə 228 746 və Dağlıq Şirvan TƏB üzrə 205 232 müraciət qeydə alınıb.
Müraciətlərin çoxu ümumi tibbi baxışla (42 070) bağlı olub. Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası (36 951), essensial (birincili) hipertenziya (30 628), insulindən asılı olmayan şəkərli diabet (22 947), normal hamiləliyin gedişi üzərində müşahidə (18 212), diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi (17 169) və s. xəstəliklər yer alır.
Ümumilikdə 1021 həyati vacib-dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (554), oftalmologiya (267), nevrologiya/neyrocərrahiyyə (76), urologiya (66) və travmatologiya (35) üzrə əməliyyatlar çoxluq təşkil edir.
Mənbə: Fins.az