Mövcud mexanizm qorunan əmanətçiləri dəstəkləsə də, ümumilikdə bank sektoru üçün uzunmüddətli dövrdə məqbul deyil.
“MediaPost” xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev ölkədəki əmanətlərlə bağlı apardığı araşdırmasında qeyd edib.
Onun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu bağlanmış bankların üstün mövqeyə malik ən böyük kreditoruna çevrilir. Hər hansı bank bağlandıqda həmin bankın müştərisi olan fiziki şəxslərin qorunan əmanətləri ƏSF tərəfindən tam qaytarılır və bununla da Fond həmin bankın kreditoruna çevrilir. “Banklar haqqında” qanunun 82-ci maddəsinə görə, bank müflis olduqda ilk növbədə əsas kreditor olan ƏSF-invəsaitləri qaytarılır. Bankın qorunan əmanəti nə qədər çox olarsa, digər kreditorların vəsait almaq imkanı bir o qədər azalar. Çünki bağlanmış bankın aktivləri bankın kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Bu siyahıda ən sonuncu növbə qorunmayan əmanətlərə, hüquqi şəxslərin depozitlərinə və sahibkarların vəsaitlərinə çatır. Məsələn, may ayında lisenziyası geri alınmış 4 bankda (“Amrahbank” ASC, “Atabank” ASC, “NBCBank” ASC, “AGBank” ASC) əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil edir. Bankların özləri tərəfindən açıqlanmış məlumatlara görə, 2019-cu ilin sonuna 3 bankın (“Amrahbank” ASC, “NBCBank” ASC, “AGBank” ASC) aktivlərinin həcmi 987,1 milyon manatdır. “Atabank” ASC-nin aktivlərinin həcmi isə 2019-cu ilin 3-cü rübünün sonuna 532,1 milyon manat olub və ilin sonuna daha da azalıb. Beləliklə, bankların açıqladıqları məlumatlara görə, 4 bankın aktivləri 2019-cu ilin sonuna ən çoxu 1,5 milyard manat olub və şübhə yoxdur ki, lisenziyanın geri alınması tarixinə qədər azalıb.
Mənbə: AMB və Azərbaycan Banklar Assosiasiyası
Mərkəzi Bankın yanaşmasına əsaslansaq (Cədvəl 1) bankların aktivlərinin real həcminin əhəmiyyətli dərəcədə az olduğunu görmək olar. Bu yerdə bankların öhdəliklərini icra etməsinin mümkünsüzlüyü açıq-aşkar görünür. Ümumilikdə 428 milyon manat həcmində mənfi kapital olan aktivlərin 686 milyon manatı qorunan əmanətçilər üçün ƏSF-ə yönəldiləcəksə, ödəniş növbəliliyində sona qalan sahibkara və ya hüquqi şəxsə vəsaitlərini geri almaq şansı böyük bir sual altına düşür. Çünki Fond öz pulunu götürdükdən sonra növbədə digər kreditorlar – müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri, dövlət büdcəsinə məcburi ödənişlər (vergilər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları) gəlir. Bu siyahıdan sonra bank müştəriləri olan sahibkarlara və hüquqi şəxslərə, o cümlədən qorunmayan əmanətçilərə pul çatması çətin görünür.
Digər problem əsas kreditor olan Fondun prosesdə ləğvedici qismində iştirakıdır. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə ƏSF “Amrahbank” ASC, “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-yə ləğvedici müəyyən olunub.
Fond ləğvedici olmaqla yanaşı, həm də bağlanan bankların əsas kreditorudur. Fondun əsas işi əmanətçilərin pulunu verdikdən sonra öz vəsaitini geri qaytarmaqdır. Belə bir vəziyyətdə Fond maraqlı tərəf olur. Çünki öhdəliklərin yerinə yetirilməsi üçün daşınar və daşınmaz əmlakların satışında real bazar dəyərini təmin etməkdən çox, öz vəsaitlərini xilas etməyə yönəlik ucuz və sürətli satışa üstünlük verəcək.
Bankların iri kreditorlardan asılılığı artır. Əmanətlərin tam sığortalanması mexanizmi əmanətlərin müxtəlif banklar üzrə paylanmasını yox, onların bir bankda toplanmasını təmin edir və bununla da bankların iri əmanətçilərdən asılılığı artır. Müxtəlif səbəblərdən iri əmanətçilər vəsaitlərini bankdan geri çəkəndə böyük məbləğdə vəsaitin bir anlığa çıxarılması bank üçün likvidlik problemi yaradır.
Əmanət bazarında təmərküzləşmə dərinləşir. Bankların bağlanması və cəmiyyətdə bu prosesin davam edəcəyi ilə bağlı gözləntinin olması əhalini vəsaitlərini iri banklara qoymağa sövq edir. Nəticədə vəsaitlər ən böyük banklarda toplanaraq onların bazar payını daha da artırır, kiçik banklar isə resurs cəlb etməkdə çətinlik çəkərək bazarı tərk etmək təhlükəsi ilə üzləşirlər.
Qanunvericilikdə kompensasiyaların verilməsinə başlanma tarixi dəqiq göstərilməyib. “Əmanətlərin sığortalanması haqqında” qanunun 28-ci maddəsinə görə, ƏSF sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Burada qanunvericilik konkret olaraq kompensasiyaların verilməsi tarixini yox, kompensasiyanın verilməsi ilə bağlı elan verilməsinə münasibətdə reqlamenti müəyyənləşdirib. Qanunda yeganə olaraq Fond üzərinə kompensasiyanın verilməsinin son tarixini (əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində) öhdəlik olaraq qoyub. Elə bunun nəticəsidir ki, son 10 ildə bağlanmış banklarda kompensasiyaların ödənilməsi prosesinin xeyli zaman tələb etməsi nümunələri mövcuddur. Məsələn, sığorta hadisəsi baş verdikdən 40 gün sonra “Dəmirbank” ASC-də, 35 gün sonra “Yunayted Kredit Bank” ASC-də, 18 gün sonra “Royalbank” ASC-də kompensasiyaların verilməsinə başlanıb.
“Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi 28 aprel 2020-ci il tarixində baş versə də, kompensasiyaların verilməsinə iyun ayının 1-dən – 33 gün sonra başlanacaq. Bu tarixdən etibarən kompensasiyalar 30 min manat ekvivalentinədək olan əmanətlər üzrə veriləcək.
Yalnız iyulun 1-dən etibarən digər əmanətlər qaytarılacaq. Lisenziyası geri alınan sonuncu banklar “NBC Bank” ASC və “AG Bank” ASC üzrə sığorta hadisəsi 14 may 2020-ci il tarixdə baş verib. Bu banklar üzrə kompensasiyaların verilməsinə iyun ayının 16-dan – 32 gün sonra başlanacaq. Bu tarixdən etibarən kompensasiyalar 30 min manat ekvivalentinədək olan əmanətlər üzrə veriləcək. Digər əmanətlərin qaytarılmasına isə iyulun 1-dən etibarən başlanacaq.
Mənbə: MediaPost.az