preloader gif

Azərbaycanda aqrar sığortanın belə işləyəcək


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

10:36 27.08.2019
Azərbaycanda 2020-ci ilin əvvəlindən fəaliyyətə başlayacaq aqrar sığortanın detalları açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, fermerlərin sığorta haqlarının bir hissəsini dövlət subsidiya kimi ödəyəcək. Hələlik bunun hansı hissə olacağı məlum deyil. Xatırladaq ki, aqrar sığorta haqqında fermerlər üçün güzəştlər indiyədək 50% təşkil edirdi (yəni fermerlər sığorta haqqının yarısını ödəyirdilər). M.Əliyev bildirib ki, hələlik yeni sistemdə güzəştin nə qədər olacağı bilinmir amma bu «ciddi güzəşt» olacaq. Böyük ehtimalla söhbət 50%-dən az olmayan güzəştdən gedir.
 
Sığorta şirkətləri aqrar sığorta sistemində broker kimi iştirak edəcəklər və sığorta məhsullarının satışı ilə məşğul olacaq, əvəzində buradan komissiya alacaqlar. Komissiyanın məbləği məlum deyil, bu məbləğ fondun və idarəedici sığorta şirkətinin yaradılmasından sonra ilin sonunadək məlum olacaq. Sığorta hadisəsi baş verəndə bu məsələ fondun təyin etdiyi müstəqil ekspertlər tərəfindən araşdırılacaq. Aqrar sığorta ekspertləri bu statusu DİM-də imtahan verməklə alacaqlar. Fermer həmin ekspertin rəyi ilə razı olmasa siyahıdakı digər eksperti seçə biləcəklər. Hadisənin yaranması səbəbləri də araşdırılacaq və məsələn, dolu ilə bağlı hadisə olarsa hidrometeoroloji məlumatlar tutuşdurulacaq. Yeri gəlmişkən, indiyədək hava datasının alınması pullu idisə, qanuna edilən dəyişikliyə əsasən, aqrar sığortada bu məlumatlar pulsuz olacaq.
 
Aqrar sığorta aqrar sahəyə aid olan bütün sahələri – həm əkinçiliyi, həm də heyvandarlığı əhatə edəcək və bütün risklərə təminat veriləcək. Bura təbiət hadisələri, yanğın, dolu düşmə, vəhşi heyvanların hücumu, eləcə də üçüncü şəxslərin hərəkətləri nəticəsində dəyən zərərlər aiddir. Gələcəkdə isə məhsulun qiymətinin ucuzlaşması və məhsuldarlığın aşağı olması kimi risklər də sığortalanacaq.
 
Hələlik sığorta tarifləri məlum deyil, amma Mirzə Əliyevin sözlərinə görə, Azərbaycan bu məsələdə Türkiyənin aqrar svğortada tətbiq etdiyi Tarsim sistemindən istifadə edəcək.
 
Hazırda Azərbaycanda aqrar sahədə sığorta haqları çox bahadır və ayrı-ayrı sahələr üzrə 8,5% ətrafındadır. M.Əliyev bildirir ki, yeni tətbiq edilən aqrar sığortada sığorta haqları bir qədər aşağı olacaq. Amma ümumiyyətlə aqrar sığorta bütün dünyada bahalıdır. Məsələn, qonşu Türkiyədə bəzi aqrar sığortalar üzrə illik faiz dərəcəsi 6,1-6,2% arasındadır. Bu mənada Azərbaycanda da sığorta haqlarının bu ətrafda olması istisna deyil. Hərçənd sığorta haqqının yarısını dövlət subsidiyalaşdırsa, fermerlər üçün real sığorta haqqı 3% ətrafında olacaq.
 
Bundan başqa, sığorrta məşsulları satan şirkətlərə Bonus-Malu sistemi də tətbiq ediləcək. Əgər satılan sığorta müqaviləsindən hər hansı geri dönüş yoxdursa, yəni hadisə baş vepməyibsə və deməli şirkət riskləri daha düzgün qiymətləndirib satıbsa, onlara bonus balı veriləcək. Hələlik bu bonusların da tətbiq forması dəqiqləşqdirilir.