preloader gif

Azərbaycan sığortaçısı niyə bankdan "uzaq dura bilmir"?


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
14:27 20.07.2020

Azərbaycanda maliyyə sektoru deyəndə ağıla, ilk növbədə, banklar gəlir, amma sığortaçılar da bu sektorun mühüm tərkib hissəsidir. Sığorta bazarı pul münasibətlərinin formalaşmasında xüsusi yol oynayır və bu münasibətlərə aid bütün digər bazarlarla əlaqəli fəaliyyət göstərir. Odur ki, bütövlükdə maliyyə sektoru iqtisadi sistemin tələblərinə tam cavab vermədikdə sığorta sahəsi də qeyri-qənaətbəxş vəziyyətdə olur və hansısa digər sahənin - Azərbaycan reallığında bank sahəsinin yedəyində gedir, necə deyərlər sığortaçı bankdan "uzaq dura bilmir". 

Söhbət nədən gedir?

Azərbaycanda sığorta məhsulları həm könüllü, həm də icbari formada satılır. Bununla belə, müşahidələr göstərir ki, könüllü sığortanın satışından da hansısa icbari mexanizmlər rol oynayır. Məsələn, kreditlə avtomobil və yaxud mənzil alınması zamanı sığorta münasibətlərinə girmək alıcının öz şəxsi istəyinə və qərarına bağlı məsələ olsa da, kredit müqaviləsi bağlanarkən bu məsələ də bir növ məcburən, yəni icbarı şəkildə həyata keçirilir. Maraqlıdır ki, vətəndaş tərəfindən bu və ya digər şirkətdən avtomobil alınarkən həmin anda kredit müqaviləsi ilə birgə onunla bağlanılan kasko razılaşmasının müvafiq kredit müqaviləsi bitəndən və həmçinin avtomobilin istismar üzrə zəmanət müddəti də başa çatdıqdan sonra nədən yenidən təklif olunmaması heç kimdə sual doğurmur.

Niyə?

Bunun bir səbəbi var. O da bundan ibarətdir ki, bizdə malı təklif edən də, krediti verən bank da və üstəlik sığorta təklifini irəli sürən də eyni "əl" və eyni "adam"dır. Yəni faktiki olaraq eyni sahibkarlıq strukturudur. Və odur ki, həmin malın satışı zəifləyəndə, bankı batanda, yəni Mərkəzi Bank tərəfindən müflis elan edilərək lisenziyası əlindən alınarkən sığorta təklifi və fəaliyyəti də avtomatik olaraq iflasa uğrayır.

Bu, normaldırmı?! Sözsüz ki, xeyr !..

Bu özü də bir daha Azərbaycanda sığorta sahəsinin yaxşı inkişaf etmədiyi, bu sahədə fəaliyyət və o cümlədən maraq amilinin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə təmin olunmadığının, formalaşmadığının göstəricisidir.

Bəli, ölkədə ümumən sığorta sahəsində nə əldə etmişiksə, 2000-ci illərdən sonrakı dövrə düşür. Niyə? Çünki, ölkə iqtisadiyyatının gəlir gətirmək qabiliyyəti məhz qeyd olunan dövrdən özünü göstərməyə başlayıb.

Halbuki, sığorta özü bir biznes sahəsidir. Yəni, gəlir gətirən fəaliyyət növüdür. Ancaq bunun üçün müvafiq şərait, bazar mövcud olmalıdır. Bizdə isə bunlar yoxdur.

Əvvəla, sığorta barədə anlayış zəifdir, maraq sıfır dərəcəsindədir - gəlirlər sığorta xidmətindən istifadəyə bir çox hallarda imkan açmır. İmkan olduqda isə keyfiyyətli sığorta xidmətinə rast gəlinmir.

İkincisi də, bəli, sahibkar da, fiziki şəxs də əmlakını - malını sığortalamalıdır. Ancaq sahibkar və fiziki şəxs fəaliyyətini, mülkiyyətində olan mal və obyektləri o zaman sığortalayır ki, qazanclarında və yaxud əldə etdikləri gəlirlərdə gündəlik deyil, uzaq maraqları və məqsədləri olsun.

Bizdə isə məsələn, bilavasitə sahibkarları götürsək, ticarətlə məşğul olanların 99,9 faizi ancaq gündəlik qazanc barədə düşünür və bunun üçün çalışırlar. Başqa sözlə desəm, həyata keçirdikləri bütün fəaliyyət ancaq bu məqsədə xidmət edir. Çünki xırda-xuruş alverlə məşğul olurlar, bu adamlar sahibkar deyillər, alverçidirlər, sovet hökuməti vaxtı qeyd etdiyimiz alverçilərdən.

Sadəcə olaraq, onların müasir variantı...

Belələri sığorta haqda nə düşünə və necə maraqlı ola bilərlər? Əslində, bu, ölkəmizdə fəaliyyət göstərən bütün kiçik və orta sahibkarlara aid məsələdir. Onların heç birinin strateji baxımdan planları və məqsədləri yoxdur.

Ona görə də, fövqəladə bir hadisə, itki və zərər baş verən kimi dərhal hər şeylərini itirirlər və başlayırlar ki, dövlət kompensasiya ödəsin. Halbuki, çoxunun dövlətə vergini düzgün verib-vermədiyi bəlli deyil. Ancaq sağlam və şəffaf biznes olarsa, sığortaya da meydan açılar, sığorta haqları barədə də düşünülər...

Yuxarıda qeyd etdim ki, sığorta özü ayrıca biznes sahəsidir.

Bu və ya digər sahibkarın ticarəti zəifləyəndə, bankı batanda, onun məşğul olduğu sığorta təklifi və fəaliyyətinin də, yəni sığorta biznesinin də avtomatik olaraq iflasa uğramaması üçün isə ilk növbədə bütövlükdə maliyyə bazarı mövcud iqtisadi sistemin tələblərinə cavab verməli, inkişaf etməlidir, ikincisi isə sığorta bazarının özünün də tam təşəkkül tapması üçün iqtisadiyyat tələb olunan səviyyəyə çatmalıdır.

Belə ki, kölgə iqtisadiyyatının çəkisi azalmalı, sığortaya inam və maraq yaranmalı, gəlirlər artmalı, sığorta xidmətləri maksimum səviyyədə stimullaşdırıcı - cəlbedici xarakter daşımaqla, sığorta anlayışı və onun səmərəsi cəmiyyətdə hər kəs üçün eyni dərəcədə aydın əhəmiyyət daşımalıdır.

Ölkədə sırf, yəni təpədən-dırnağa sığorta biznesi formalaşmalı, ancaq bu işlə məşğul olan sahibkarlar sinfi yaranmalıdır.

Mənbə: Fins.az