“PAŞA Holdinq” MMC “Kapital Bank” ASC-nin nizamnamə kapitalındakı payının bir hissəsini törəmə şirkətlərinə - “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərə ötürüb.
“Report” bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, söhbət holdinqin sahib olduğu, hər birinin nominal dəyəri 12,39 manat olan 3 225 561 ədəd imtiyazlı səhmin 2 421 307-nin və yaxud 75%-nin sığorta şirkətlərinin nəzarətinə keçməsindən gedir. Belə ki, səhmlərin 1 614 205 ədədini və yaxud 50%-ni “PAŞA Sığorta”, 807 102 ədədini və yaxud 25%-ni isə “PAŞA Həyat Sığorta” alıb.
Son nəticədə şirkətlər qrupunun birbaşa sahib olduğu imtiyazlı səhmlərin sayı 804 254-ə düşüb, birbaşa imtiyazlı səhm sahibi olan hüquqi şəxslərin sayı isə 1-dən 3-ə çatıb.
“Kapital Bank”da imtiyazlı səhm sahibi olan fiziki şəxslərin sayı isə dəyişməyərək 61 qalıb. Onlar yenə də 2 849 imtiyazlı səhmə nəzarət edir (dövriyyədə ümumilikdə 3 228 410 ədəd imtiyazlı səhm var).
Bankın adi səhm sahiblərinin pay bölgüsünə gəlincə isə, dövriyyədəki hər birinin nominal dəyəri 12,39 manat olan 15 000 000 ədəd adi səhmin 14 980 163-ü yenə də “PAŞA Holdinq”ə məxsusdur, qalan 19 837 ədəd adi səhmin sahibi olan fiziki şəxslərin sayı isə 188-dən 190-a çatıb.
Beləliklə, “Kapital Bank”ın 225,85 milyon manatlıq nizamnamə kapitalını formalaşdıran 18 228 410 ədəd səhminin 15 784 417-nə və yaxud 86,6%-nə “PAŞA Holdinq”, 8,9%-nə “PAŞA Sığorta”, 4,4%-nə “PAŞA Həyat Sığorta”, 22 686-na və yaxud 0,1%-nə isə fiziki şəxslər nəzarət edir.
“Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb.
Mənbə: Report.az