preloader gif

Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlər


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

14:37 26.05.2020

Mingəçevir Dövlət Universitetində (MDU) “Sığorta və onun insanların sosial müdafiəsində rolu” mövzusunda təlim keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən Fins.az-a bildirilib ki, tədbir Nazirlər Kabinetinin 2019-cu il 21 may tarixli müvafiq sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın aidiyyəti bəndlərinin icrası barədə Təhsil Nazirliyinin 2019-cu il 19 iyun tarixli müvafiq əmrinin icrası çərçivəsində təşkil olunub.

Onlayn formatda keçirilən tədbiri açan MDU-nun rektoru Şahin Bayramov dövlət başçısı tərəfindən Azərbaycanda sığortanın inkişafına göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. Sığortanı milli iqtisadiyyatın davamlı inkişafına ciddi təsir edən aparıcı maliyyə alətlərindən biri kimi dəyərləndirən rektor sığorta sahəsində maarifləndirmə işinin aparılmasında MDU-nun da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. Ş.Bayramov tələbə və əməkdaşların iştirakı ilə sığorta mövzusunda analoji təlim və seminarların MDU-nun müvafiq Tədbirlər Planı çərçivəsində davamlı şəkildə keçiriləcəyini bildirib.

Tədbirdə əsas təlimçi qismində Azərbaycan Dövlət Sığorta Şirkətinin Mingəçevir şəhər filialının direktoru Nazim Səfərov iştirak edib. N.Səfərov sığortanın mahiyyəti və məzmunu, yaranması tarixi, Azərbaycanda sığorta işi sahəsində mövcud normativ-hüquqi aktlar, sığortanın insanların sosial müdafiəsi baxımından əhəmiyyəti və digər məsələlər barədə ətraflı məlumat verib.

Azərbaycan Sənaye Sığorta Şirkətinin əməkdaşı Elməddin Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Mingəçevir KOB dostu Ayaz Ədilov sığortanın praktiki xüsusiyyətlərinə dair fikirlərini bölüşüblər.

Müzakirələrlə davam edən təlimdə MDU-nun tələbələrinin və əməkdaşlarının sığorta ilə bağlı çoxsaylı sualları cavablandırılıb.

Mənbə:Fins.az