"EuroHome" ticarət mərkəzində baş verən növbəti yanğın kommersiya obyektlərinin sığortalanması məsələsini də yenidən gündəmə gətirdi. 2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. Ticarət mərkəzlərində baş verən yanğınlara baxmayaraq bəzi sahibkarlar hələ də sığortaya lüzumsuz xərc kimi baxır, bəziləri isə sığorta şirkətlərinin onları sığortalamaqdan imtina etdiklərindən gileylənir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndəsi Rüfət Ağazadənin sözlərinə görə, həqiqətən də sığorta şirkətləri heç də hər obyekti sığortalamaqda maraqlı deyil: "EuroHome" kimi ticarət mərkəzində risk böyük olduğundan sığorta şirkətləri bu yükün altına girmək istəmir. Bu ticarət mərkəzində ən elementar təhlükəsizlik normalarına riayət edilmədiyinə görə həmin obyektdə yenidən yanğın baş verməsi heç də göydəndüşmə hadisə olmadı. Həmin ticarət mərkəzində müəyyən texniki parametrlərə, təhlükəsizlik qaydalarına əməl olunsaydı, standartlara uyğun tədbirlər həyata keçirilsəydi, təbii ki, sığorta şirkətləri onlarla işləməkdə maraqlı olardı".
İcbari Sığorta Bürosunun məlumatına əsasən, 2020-ci ilin may ayının 1-nə daşınmaz əmlakın icbari sığortası üzrə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çox – 204 minə yaxın müqavilə imzalanıb.
Ötən il yığılan sığorta haqlarının həcmi 13 milyon manata yaxın olduğu halda, bu il 21 milyon manatı keçib.
Bu da onu göstərir ki, daşınmaz əmlakın sığortasının əhəmiyyəti ilə bağlı son dövrlər ölkədə həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verir.
Mənbə: Fins.az