preloader gif

İcbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

12:34 11.03.2020

İsmayıllıda rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “İcbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Fins.az xəbər verir ki, əhalinin icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqi barədə məlumatlandırmaq məqsədilə təşkil olunan tədbirdə rayonun idarə, müəssisə və təşkilatlarının işçiləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin məsul işçisi Nəsimi Teymurov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahələrdə, o cümlədən səhiyyə sistemində son illər aparılan uğurlu islahatlardan danışıb. İslahatların davamı kimi respublikamızda icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini, icbari tibbi sığortanın əhalinin səhiyyə xərclərini azaldacağını, səhiyyədə yeni maliyyələşmə mexanizminin tətbiq olacağını vurğulayıb.

Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktor müavini Abdullətif Maqsudov çıxışında son illər ölkəmizdə bir sıra tibb müəssisələrinin inşa və əsaslı təmir olunduğunu, maddi-texniki bazasının gücləndirildiyini, mövcud avadanlıqların bərpası və yenilərinin alındığını diqqətə çatdırıb. Bildirib ki, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin təkmilləşməsinə səbəb olacaq.

Tibb sahəsi üzrə koordinatorlar Günay Zeynalova, Gülnarə Mürsəliyeva çıxışlarında icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və digər məsələlər barədə ətraflı bilgilər veriblər. Bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidmətindən, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda, bildirilib ki, imtiyazlı əhali qrupları sığorta haqqından azaddır.

Mənbə - Fins.az