preloader gif

Azərbaycanda kənd təsərrüfatı mütəxəssisləri üçün - YENİ SƏRFƏLİ İŞ İMKANI.


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

icbari emlak
11:59 04.03.2024

Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi təkcə fermer və təsərrüfatlar üçün deyil, ölkədəki kənd təsərrüfatı mütəxəssisləri üçün də yeni imkanlar yaradıb.

Fins.az xəbər verir ki, aqrar sığorta qaydalarına əsasən, təsərrüfatların sığortalanması və hadisə zamanı ödənişlərin verilməsi prosesində əsas rol oynayan tərəflərdən biri - müstəqil aqrar sığorta ekspertləridir.

Aqrar sığorta ekspertləri sığortalanan təsərrüfatlara baxış keçirib riskləri qiymətləndirir, hadisə olduqda isə onun səbəbini araşdırır və zərəri hesablayırlar. Fermer və təsərrüfatlara sığorta ödənişinin verilməsi məhz ekspertin rəyi əsasında həyata keçirilir.

Müstəqil aqrar sığorta ekspertləri - qanunvericiliyə əsasən müəyyən olunmuş ixtisaslara malik olan, müvafiq təlim və imtahan prosesini keçən uğurla keçən şəxslərdir.

Ekspertlərin göstərdiyi xidmətlər – təsərrüfatlara baxış keçirilməsi, riskin qiymətləndirilməsi, hadisələrin araşdırılması və zərərin hesablanması – ödənişlidir. Bu xidmətlər müqabilində ekspertlərə Aqrar Sığorta Fondu tərəfindən xidmət haqqı, eləcə də təsərrüfatlara getmək üçün yol pulu ödənilir. Ödənilən xidmət haqları və yol pulunun məbləğləri və hesablanma qaydası müvafiq qərarlarla tənzimlənir.

Aqrar sığorta eksperti bütün dünyada, o cümlədən Türkiyədə yüksək gəlirli peşələrdən sayılır. Ekspertlərin gəlirləri onların aktivliyindən - təsərrüfatlara çıxışların və müayinə etdiyi heyvanların sayından, baxış keçirdiyi əkinlərin sahəsindən və qət etdiyi məsafədən asılı olaraq dəyişir.

Nəticədə hazırda Aqrar Sığorta Fonduna xidmət göstərən aqrar sığorta ekspertləri olduqca yüksək gəlir əldə edirlər. Ekspertlərin orta aylıq gəliri 1000-2000 manatdan başlayır və daha yüksək məbləğlərə çatır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə ekspertlərə ödənilən xidmət haqqı 2 dəfə, bayram və hüzn günlərində isə 1,5 dəfə artıq hesablanır.

Qeyd edək ki, aqrar sığorta ekspertləri bu fəaliyyətlə, öz əsas işlərindən ayrılmadan, əlavə xidmət kimi məşğul ola bilərlər, bu da onlar üçün əlavə gəlir imkanı yaradır.

Azərbaycanda aqrar sığorta mexanizminin uğurlu fəaliyyəti – zərərləri qarşılaması və böyük ödənişlər edilməsi ilə əlaqədar olaraq ölkəmizdə sığortalanmaq istəyən fermer və təsərrüfatların sayı sürətlə çoxalmaqdadır. Nəticədə aqrar sığorta ekspertlərinə böyük tələbat yaranıb.

Bununla əlaqədar olaraq aqrar sığorta eksperti üçün tələb olunan ixtisasların siyahısı genişləndirilərək 71-ə çatdırılıb, bura aqronom, aqromühəndis, aqrotexniki, qida mühəndisi, coğrafiya, ekologiya, baytar, zootexnik, bağçılıq və tərəvəzlik və sair ixtisaslar aiddir. İxtisasların tam siyahısı Nazirlər Kabinetinin 27 dekabr 2020-ci il tarixli 106 saylı qərarı ilə müəyyən edilib (TAM SİYAHI).

Həmin ixtisaslar üzrə peşə təhsili, orta ixtisas, bakalavr, magistratura təhsili almış şəxslər Aqrar Sığorta Fondunun (ASF) təşkil etdiyi təlimlərdə iştirak edib, Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi test imtahanından keçib və Azərbaycan Mərkəzi Bankından sertifikat almaqla fəaliyyətə başlaya bilərlər.

Hazırda Aqrar Sığorta Fondu aqrar sığorta eksperti olmaq istəyən namizədlər üçün yeni təlimlərə başlayır. Təlimlərdə iştirak etmək istəyən namizədlərin sənədlərinin qəbulu 2024-cü ilin fevralın 23-dən martın 26-dək aparılacaq, təlimlər 8-14 aprel tarixlərində keçiriləcək.

Təlimlər barədə əlavə məlumat almaq üçün Aqrar Sığorta Fondunun 1651 çağrı mərkəzi ilə əlaqə saxlamaq, məlumatları [email protected] elektron poçt ünvanına göndərmək lazımdır.

Fuad Mədətov

SIĞORTANI İNDİ ƏLDƏ ET