Azərbaycanın sığorta bazarında Müstəqil Ekspert İnstitutu yaradılacaq.
Bunu “Report”a müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev deyib.
Z.Əliyev bildirib ki, bu institutu inkişaf etdirmək üçün Mərkəzi Bankın qanunvericiliyə müəyyən təklifləri var: "Birincisi, biz müstəqil ekspertlərin peşə ixtisası ilə bağlı müəyyən tələblər formalaşdıracağıq. Yalnız bu tələblərə uyğun olan müstəqil ekspertlər qiymətləndirməni apara biləcəklər. Qanunvericiliyə dəyişikliklər olduqdan sonra müstəqil ekspertlərin müvafiq imtahan prosesindən, müsahibələrdən keçmələri, eyni zamanda onlara müəyyən təlimlərin keçirilməsinin təşkili istiqamətində tədbirlər görməyi düşünürük.
İkinci təklifimiz ondan ibarətdir ki, müstəqil ekspertin seçilməsi prosedurunu dəyişək".
Baş direktor xatırladıb ki, Mərkəzi Bankın müstəqil ekspert reyestri var: "Bu reyestrdə biz müstəqil ekspertlərin müvafiq peşə tələblərinə cavab verməsini təmin etsək, hadisə baş verdiyi zaman sığortalı ekspertin qiymətləndirməyə cəlb edilməsini istəyirsə, həmin siyahıya daxil olan istədiyi 3 eksperti seçəcək. Həmin 3 ekspert arasından da sığortaçı bir eksperti seçəcək və beləliklə müstəqil ekspertin seçilməsində həm sığortalı, həm də, sığortaçı iştirak etmiş olacaq. Bu zaman seçim hər hansı tərəfin xüsusi diktəsi ilə aparılmadığından seçilmiş ekspertin həqiqi müstəqilliyi təmin ediləcək".
Z.Əliyev hesab edir ki, müstəqil ekspertlər sığorta bazarının ən mühüm iştirakçısıdır: "Sığortalı ilə sığortaçı arasında ən mühüm məsələ hadisə baş verdiyi zaman həmin zərərin düzgün və ədalətli qiymətləndirilməsidir. Bu qiymətləndirmə əgər üçüncü tərəflə yəni, marağı olmayan tərəflə həyata keçirilirsə, təbii ki, zərərin ədalətli qiymətləndirilməsi təmin olunar. Əlbəttə zərərin qiymətləndirilməsində hər iki tərəfin müəyyən marağı var. Sığortaçı zərərin daha aşağı, sığortalı isə daha yüksək qiymətləndirilməsini istəyir. Bu təbii bir maraqdır.
Qiymətləndirilmə zamanı məbləğin aşağı və yuxarı olmasında maraqlı olmayan tərəf müstəqil ekspertdir".
Mənbə: Fins.az