Bu gündən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqlarının yeni qayda ilə hesablanmasına başlanılır, zərərlərin birbaşa tənzimlənməsi isə noyabrın 1-dən etibarən həyata keçiriləcək.
Qaydalara edilən dəyişikliklərə əsasən, sığorta haqları 4 əsas amil nəzərə alınaraq müəyyənləşdiriləcək:
İlk öncə sığorta haqqının sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirilməsi nəzərdə tutulur.
Baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin, risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək riski o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə 1,35-1,05 intervalında əmsallar tətbiq edilir.
Digər risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni, digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər.
Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddətinə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.
Dördüncü amil nəqliyyat vasitəsini idarə edənlərin sayına bağlı olaraq tətbiq olunan əmsaldır. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir
Mərkəzi Bankın icbari avto sığorta sahəsində qəbul etdiyi yeni qaydalar əsasən iki başlıca zərurətlə bağlıdır.
Birincisi, hazırda praktika belədir ki, şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə üçüncü tərəfə zərər vurduğu halda zərərin ödənilməsi prosesi zərərçəkən tərəflə zərərvuran tərəfin sığortaçısı arasında həll olunur. Yəni zərərçəkən tərəf ödənişi öz icbari sığortaçısından deyil, zərərvuran tərəfin sığortaçısından əldə edir. Belə olan halda zərərlərin ödənilməsi prosesi müştəri-biznes münasibətlərindən kənarda baş vermiş olur. Yəni ödənişi alan tərəf müştərisi olmayan sığortaçı ilə qarşı qarşıya qalmış olur.
Xatırladaq ki, “İcbari sığortalar haqqında” Qanun 2011-ci ildə qüvvəyə minib və sığorta haqları, tarifləri və sığorta təzminatları bu qanunla tənzimlənir. Könüllü sığortanın növləri üzrə haqlar şirkətlərin daxili qaydalarına əsasən tənzimlənir. 2011-ci ildən bu günə kimi icbari sığorta tarifləri dəyişməyib. Buna uyğun olaraq sığorta təzminatları da dəyişilməz qalır.
Mənbə: Banker.az