preloader gif

Mənzillərin icbari sığortası ilə bağlı vacib suallara cavab - Kütləvi cərimələnmə ola bilər


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta, sigorta,sigorta xeberleri, sigorta odenisleri, sığorta xəbərləri,
10:24 07.07.2022

Paytaxtda, eləcə də digər şəhər və rayonlarda daşınmaz əmlaka sahib olanlar yaxın vaxtlarda kütləvi şəkildə cərimələnə bilər. Buna əsas yaradan səbəb daşınmaz əmlakın icbari sığortası barədə qanuna edilən və yanvarın 1-dən qüvvəyə minən düzəlişdir. Söhbət mənzillərin icbari sığortalanmasından gedir.

İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30, vəzifəli şəxslərə 80, hüquqi şəxslərə isə 200 manat məbləğində cərimə nəzərdə tutulub.

Bakıdakı ev və mənzillərin illik sığorta haqqı 50, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40, digər şəhər və rayonlarda isə 30 manatdır. Müvafiq olaraq, paytaxtdakı mənzillərə 25 min manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindəki mənzillərə 20 min, digər şəhər və rayonlardakı mənzillərə isə 15 min manat sığorta təminatı verilir.

Xatırladaq ki, daşınmaz əmlakın icbari sığortasına dair qanun hələ bir neçə il əvvəl qüvvəyə minib. Lakin ekspertlərin fikrincə, bu qanun, demək olar ki, işləməyib. Qanunun qüvvədə olduğu ötən müddətdə bu vaxtadək daşınmaz əmlak sahəsində təxminən 20 faiz nisbətində sığortalanma qeydə alınıb. Nəticədə daşınmaz əmlakın icbari sığortasından yayınmaya görə cərimə cəzalarının tətbiqi haqda düzəliş qəbul edilib. Qanunun tətbiqinin sərtləşdirilməsi daşınmaz əmlak bazarında fəallığı artırmasa da, mənzillərin dövlət qeydiyyatına salınmasını sürətləndirəcək.

Qanun mülkiyyət hüququnun təsdiqlənməsi haqqında çıxarışı - kupçası olan bütün mənzillərin sığortalanmasını tələb edir.

Bəs daşınmaz əmlakın icbari sığortası nəyə zəmanət verir?

Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa, əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir və sığorta haqqı hissə-hissə deyil, birdəfəlik ödənilməlidir. Sığortadan yayınmaya görə cərimə 30 manatdır və hər 20 gündən bir təkrarlanması nəzərdə tutulur.

İcbari sığorta ilə yanaşı, mənzillərin könüllü sığortası da qüvvədədir. Ekspertlər bildirir ki, icbari sığorta vətəndaşa dəyən zərər zamanı ona əlavə imkanlar verir. İcbari sığorta il ərzində, yəni müqavilə müddətində istənilən qədər sığorta hadisəsini qarşılayır. Sığorta hadisəsi baş verəndə və ödəniş ediləndə azadolma məbləği nəzərə alınır. Sığorta şirkəti yalnız azadolma məbləğindən artıq hissəni ödəyir. Azadolma məbləği Bakıda 250, Gəncə və Sümqayıtda 200, digər rayon və şəhərlərdə 150 manatdır. Misal üçün, deyək ki, Bakıda hansısa mənzilə sübasma nəticəsində 600 manat zərər dəyib. Belə halda, 250 manat azadolma məbləği çıxılır - onu ev sahibi ödəyir, qalan 350 manatı sığorta şirkəti ödəyir.

Evləri necə sığortalaya bilərik? 

Bunun üçün elektron informasiya vasitələrindən istiradə edə bilərsiniz. Belə ki, insure.az sığorta portalına daxil olaraq İcbari Əmlak Sığortasına daxil olursunuz. Daha sonra isə müvafiq məlumatları dolduraraq onlayn şəkildə əmlakınızın İcbari Əmlak Sığortasını əldə etmiş olacaqsınız. 

Bəs hansı evləri sığortalamaq olmaz?

Qanunda göstərilir ki, qəza vəziyyətində olan, tikintisi başa çatmayan, özbaşına tikilmiş və ya sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi mənzil və evlər sığortalana bilməz.

Eləcə də hadisənin baş verməsi üçün qəsdən edilən hərəkətlər, əmlaka zərər vurulması kimi hallar sığorta hadisəsi sayılmır və belə hallarda ödəniş olunmur.

Onu da bildirək ki, hazırda daşınmaz əmlakın icbari sığortasını bunun üçün lisenziya almış 12 şirkət icra edə bilər. Evlərin icbari sığortası zamanı, əgər mənzilin sığortası yoxdursa, mənzil sahibinin e-mail ünvanına və yaxud telefonuna mesaj göndəriləcək. İlkin hesablamalara görə, daşınmaz əmlaka görə icbari sığortanın tətbiqi ilin sonanadək təxminən 40 milyon manat sığorta haqqının toplanmasını təmin edəcək.

Mənbə:  Aztv.az

SIĞORTANI İNDİ ƏLDƏ ET