preloader gif

İcbari tibbi sığorta sisteminin DETALLARI - MÜSAHİBƏ

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
10:02 14.04.2021

Artıq bütün ölkə ərazisində icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılıb. Sistem yeni olduğundan icbari tibbi sığorta haqlarının ödənilməsi ilə bağlı həm vergi ödəyicilərində, həm də işəgötürənlərdə müəyyən suallar yaranır.

Suallara İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə "Vergilər" qəzetinə aydınlıq gətirib.

Nigar xanım, söhbətə mövzunun qanunvericilik aspektindən başlayaq: İcbari tibbi sığorta haqları kimdən və hansı məbləğdə tutulur?

- “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.2-ci maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8.000 manatadək olan hissəsindən 2 faiz, 8.000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır. Qanunun 15-2.2.2-ci maddəsinin müddəalarına və Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər - fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri sığortalı qismində özləri çıxış edirlər. Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən, onlar üçün minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Qanunun 15-2.2.3-cü maddəsinin müddəalarına əsasən, mülki-hüquqi müqavilələr əsasında mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edirlər. Qanunun 15-10.1.4-cü maddəsinin müddəalarına görə, həmin sığortaolunanlar üzrə – gəlirlərinin 8.000 manatadək olan hissəsinin 2 faizi, 8.000 manatdan yuxarı olan hissəsinin 1 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Qanunun 15-10.1.6-cı maddəsinin müddəalarına əsasən, yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 0,02 manat məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

“Tibbi sığorta haqqında” Qanunun 15-10.1.7-ci maddəsinin müddəalarına əsasən, aksizli məhsulların idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,2 manatı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,05 manatı, siqarilla (nazik siqarlar) və tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə görə tətbiq edilən aksiz dərəcəsinin 1,5 manatı və energetik içkilərin hər litrinə görə tətbiq edilən aksiz dərəcəsinin 0,1 manatı icbari tibbi sığorta haqqı şəklində icbari tibbi sığorta fonduna ödənilməlidir.

Tutaq ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahədə işləyən şəxs şərti olaraq 1750 manat əməkhaqqı alır. Onun əməkhaqqından tutulmalar nə qədər olacaqdır?

Bu halda gəlir vergisi (əsas iş yeri olduğu halda), məcburi dövlət sosial sığorta (MDSS), işsizlikdən sığorta (İS), icbari tibbi sığorta (İTS) haqları aşağıdakı qaydada hesablanacaq.

Gəlir vergisi - 0 manat (8000 manatadək olduğu üçün)
Sığortaedənin hesabına MDSS haqqı = (1750-200)*15% + 44 = 276,5 manat
Sığortaolunanın hesabına MDSS haqqı = (1750-200)*10% + 6 = 161 manat
Sığortaedənin hesabına İS haqqı = 1750*0,5%=8,75 manat
Sığortaolunanın hesabına İS haqqı = 1750*0,5%=8,75 manat
Sığortalının hesabına İTS haqqı = (1750*1%)=17,5 manat
Sığortaolunanın hesabına İTS haqqı = (1750*1%)=17,5 manat.

Muzdlu işlə əlaqədar icbari tibbi sığorta haqlarına hansı gəlirlər cəlb olunur?

- İcbari tibbi sığorta üzrə sığorta haqları işçinin əməkhaqqından, yəni işəgötürən tərəfindən işçiyə pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmusundan ibarət məbləğdən hesablanır.

Bəs kimlər icbari tibbi sığorta haqqını ödəməkdən azaddır?

- “Tibbi sığorta haqqında” Qanunun 15-2.3-cü maddəsinə əsasən, bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.

VÖEN-lə çalışan fərdi sahibkarlar bəzi hallarda ilin bütün aylarında gəlir əldə etmirlər. Bəs onlar İTS haqqını necə ödəməlidirlər? VÖEN bağlı olarsa, ödəniş tutulurmu?

- “Tibbi sığorta haqqında” Qanunun 15-2.2.2-ci maddəsinin müddəalarına və Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən onlara minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Göründüyü kimi, vergi uçotuna alınmış fiziki şəxslər əldə etdikləri gəlirdən asılı olmayaraq minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqlarını ödəməlidirlər. Deyilənləri ümumiləşdirsək, fəaliyyəti aktiv olmayan vergi uçotuna alınmış fiziki şəxslər tərəfindən icbari tibbi sığorta üzrə sığorta haqlarının ödənilməsi nəzərdə tutulmayıbdır.

Əvvəlki illərdə istifadə olunmayan məzuniyyət haqqına görə kompensasiya, işçi işdən çıxarkən ona verilən son haqq-hesab, eləcə də həyatın yığım sığortasına yönəldilən vəsaitlər icbari tibbi sığortaya cəlb olunurmu?

- İstifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada işçiyə ödənilən kompensasiya məbləğləri icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur. “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.2-ci maddəsinin müddəalarına əsasən müəyyən edilmiş qaydada həyatın yığım sığortasına yönəldilən vəsaitlərdən də icbari tibbi sığorta üzrə sığorta haqqı hesablanır.

Həm əməkhaqqı alan, həm də VÖEN-lə fərdi sahibkar kimi fəaliyyət göstərən şəxslərin icbari tibbi sığortaya cəlb olunması necə tənzimlənir?

- Həm vergi uçotuna alınmış fiziki şəxs kimi, həm də əmək müqaviləsi əsasında işçi kimi fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta haqları hesablanır.

Bununla bağlı aşağıdakı nümunəyə nəzər yetirək:

Tutaq ki, vətəndaş neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahədə mühasib işləyir, 2.000 manat əməkhaqqı alır və eyni zamanda, vergi uçotuna alınmış fiziki şəxs kimi fəaliyyət göstərir. Bu halda muzdlu fəaliyyət üzrə icbari tibbi sığorta (İTS) haqları bu qaydada hesablanacaq:

Sığortalının hesabına İTS haqqı= (2000*1%)=20 manat
Sığortaolunanın hesabına İTS haqqı= (2000*1%)=20 manat
Vergi uçotuna alınmış fiziki şəxs kimi icbari tibbi sığorta haqqı isə bu qaydada hesablanacaq:
İTS haqqı= 250*4%=10 manat.

İcbari tibbi sığorta haqları hansı müddətlərdə ödənilməlidir? Gecikməyə görə hansı tədbirlər görülür?

- “Tibbi sığorta haqqında” Qanunun 15-11.3-cü maddəsinə əsasən, muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə bu Qanunun 15-10.1.2-ci maddəsində nəzərdə tutulan sığorta haqqı sığortalı tərəfindən hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir. Məbləğlər əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Qanunun 15-11.4-cü maddəsində göstərilir ki, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər üzrə bu Qanunun 15-10.1.3-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Qanunun 15-11.5-ci maddəsinə əsasən, mülki-hüquqi müqavilələr əsasında mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər üzrə bu Qanunun 15-10.1.4-cü maddəsində nəzərdə tutulan sığorta haqqı hər ay üçün hesablanır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edilir və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Qanunun 15-11.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyiciləri sığorta haqqını aylıq olaraq hesablayır, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş forma üzrə bəyannamə təqdim edir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.

Qanunun 15-11.8-ci maddəsinə əsasən, aksizli məhsulların idxalı və istehsalı ilə məşğul olan vergi ödəyiciləri üzrə bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan sığorta haqqı vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 191.1-ci maddəsi ilə müəyyən edilən vaxtda ödənilir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən müəyyən edilmiş müddətdə ödənilməmiş icbari tibbi sığorta haqları üzrə 0,1 faiz məbləğində faiz hesablanır.

Mənbə: Fins.az