preloader gif

Sığortada marketinq: Keyfiyyət məcburiyyətdir


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sigorta xeberleri, sığorta xəbərləri, siğorta bazari, sığorta bazarı, sigorta sirketleri, sığorta şirkətləri, sigorta, sığorta, sigorta yoxlanisi, sığorta yoxlanışı
09:07 12.01.2021

Fins.az Azərbaycan Sığortaçılar Assosiasiyasının Marketinq meneceri Səbinə Ağayevanın sığortada marketinq fəaliyyəti ilə bağlı qələmə aldığı məqaləni təqdim edir:

Bu gün hər hansı bir xidmət sektorunu marketinqsiz və satışsız təsəvvür etmək qeyri-mümkündür. Marketinq analıyışı əsasını istehsalat sahəsindən götürüb və həmin sahədə inkişaf etməsinə baxmayaraq, bu gün qeyri-istehsal sahəsində də marketinq fəaliyyəti tam anlamı ilə həyata keçirilməkdədir. Haqqında danışdığım istiqamət hələ bir fəlsəfə və ya tətbiq kimi formalaşmadığı zamanlarda da insanlar satış fəaliyyəti zamanı bəlkə də fərqində belə olmadan fəaliyyətlərində marketinq elementləri tətbiq ediblər. Və ya məsələn, illərdir gözümüzün alışdığı sadə bir məhəllə marketində hamıya doğmalaşan “Əhməd dayı” rəflərdə məhsulları uğurla yerləşdirməsi ilə, alış-veriş edən hər kəsi tanıması ilə o da bu xırda biznesində öz yaradıcı marketinq işini təmin etmiş olur.

Müasir dünya düzənində marketinq sürətlə inkişaf edir və dəyişir, yenilənir. Müştərilərin 10 il öncəki vərdişləri, eyni zamanda onlara təklif edilən məhsullar dəyişdiyi kimi, gözəntilər və ehtiyaclar da dəyişir. Bir zamanların məşhur “Keyfiyyətli məhsul yalnız bizdə” məzmunlu reklam çağırışları artıq bir o qədər də inandırıcı səslənmir. Çünki artıq yeni biznes-satış-marketinq şərtlərinə görə yalnız keyfiyyət elementi ilə müştəri cəlb etmək qeyri-mümkündür. Axı keyfiyyət artıq bir üstünlük yox, məcburiyyətdir. Hazırda insanlar istənilən hər hansı bir nüansa görə də fərqlənən məhsulu, xidməti əldə etməyə və ya fərqlənən şirkətlə əməkdaşlığa üstünlük verirlər. Müasir biznes düzəninin reallıqları ondan ibarətdir ki, bu gün dünyada fəaliyyət göstərən bütün şirkətlərin tək qayəsi rəqiblərindən fərqlənməkdir.

Maliyyə sisteminin əsas tərkib hissəsini təşkil edən sığorta sektorunda da marketinq ümumi fəaliyyətin əsasını formalaşdıran başlıca amildir. Təəssüf ki, bir çox seqmentdə olduğu kimi bu sektorda da fəaliyyət göstərən bir qism şirkətlər bəzi hallarda marketinqə ayrılan vəsaitə artıq xərc kimi baxır və ya marketinq əməliyyatları zamanı həyata keçirilən tədbirlərin nəticəsini dərhal görmək istəyirlər. Lakin unutmaq olmaz ki, marketinq əməliyyatları üçün formalaşdırılan büdcə doğru strateji istiqamətləndirməyə əsaslanırsa uğurlu nəticə bir müddətdən sonra özünü göstərməyə başlayır. Və yaddan çıxarmamalıyıq – marketinqdə hər hansı bir zaman limiti yoxdur, çünki burada qazanılacaq uğurlu nəticə üçün strateji fəaliyyətin mütəmadiliyi ən önəmli faktordur. Məsələn, sığorta şirkətlərində marketinq fəaliyyətinə ayrılan vəsait daha çox maarifləndirmə və təbliğat işinə sərf edilir ki, bu da öz nəticəsini ən az 2-3 il sonra göstərə bilər.

Sevindirici haldır ki, bu gün satış sahəsi ilə marketinq sahəsi nəhayət öz fəaliyyətlərini sıx və birgə qura bilib. Bu günə qədər adı çəkilən iki istiqamətin mütəxəssisləri hər biri ayrı-ayrılıqda strategiyalar müəyyən edərək sanki bir-birinin addımlarından xəbərsiz olaraq çalışırdılar. Hər ilin sonunda isə yekun hesabatlarda uyğunsuzluqlar və buradan doğan uğursuzluqlar qeydə alınırdı. Nəzərə almalıyıq ki, marketinq ümumi sektoru araşdırır, tələbi müəyyən edir, məhsulu hazırlayır və onu satışa təqdim edir. Sonrakı mərhələdə isə müxtəlif alətlərlə həmin satışa dəstək verir və hətta satışdan sonra da onun fəaliyyəti davam edir.

Sığorta bir xidmət sektorudur. Burada təmas edə biləcəyimiz hər hansı bir məhsul istehsal edilmir. Sığortada xidmət, vəd satılır. Xidmət sektorunda da ən vacib nüans müştəri-şirkət münasibətləridir. Xüsusilə də sığorta sektorunda bu amil mühüm əhəmiyyət kəsb edir. Çünki mövcud və potensial sığortalı təklif olunan xidməti əldə etdiyi zaman müqavilənin bitmə anına qədər sığorta tələbi yaradacaq hər hansı bir risklə qarşılaşmaya bilər. Növbəti ildə müştərini həmin şirkətlə olan müqaviləsini yeniləməyə sövq edən başlıca amil isə qurulan və formalaşan ikitərəfli müsbət münasibətdir. Bu da satış və marketinq mütəxəssislərinin birgə fəaliyətindən bilavasitə asılıdır.

Marketinq sahəsi özü də bir neçə qola ayrılır. Buna rəqəmsal marketinq, e-reklam, SMM və s. kimi istiqamətləri misal göstərə bilərik. Təəssüf ki, bu gün sığorta şirkətlərinin ən mühüm problemlərindən biri rəqəmsal marketinq, SMM kimi istiqamətlərə kifayət qədər diqqət ayırmamaqlarıdır. Unutmamalıyıq ki, XXI əsrin müştəri davranışları və biznes şərtləri rəqəmsal plaformalara yönəlib. Məhz bu faktoru nəzərə alsaq, davamlı inkişaf, səmərəli xidmət və uzunmüddətli müştəri məmnuniyyəti vəd edən və bu istiqamətdə ciddi marketinq büdcəsi formalaşdıran şirkətlər müasir dünya düzəninin tələb və gözləntilərinə adekvat fəaliyyət strategiyaları tərtib etməli, bunu marketinq əməliyyatlarında xüsusilə bir ənənəyə çevirməlidirlər.

Mənbə: Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET