Fərmanda qeyd edilib ki, “Aqrar Sığorta Fondu” Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.
Fərman ilə Nazirlər Kabinetinə, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.10.1.5-ci (kənd təsərrüfatı sahəsində islahatlar aparılması ilə bağlı xərclər) yarımbəndində nəzərdə tutulmuş vəsait hesabına Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını, habelə 2020-ci və 2021-ci illərin dövlət büdcələrinin layihələrində Fondun nizamnamə kapitalının artırılması məqsədilə müvafiq olaraq 5 000 000 (beş milyon) və 3 000 000 (üç milyon) manat vəsaitin nəzərdə tutulmasını, həmin vəsaitlər hesabına Fondun nizamnamə kapitalının artırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsini tapşırıb.
Fondun ilkin nizamnamə kapitalı 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. 2021-ci ildə Fondun nizamnamə kapitalı 9 milyon manata çatacaq.
Qeyd edək ki, 2019-cu ilin dövlət büdcəsində Kənd təsərrüfatı sahəsində islahatlar aparılması ilə bağlı xərclər 101 milyon manat nəzərdə tutulub.
4 ay müddətində sığorta qaydaları və aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi təsdiq edilməlidir.
Fondun fəaliyyətinə Kənd Təsərrüfatı Nazirliyinin 2, Maliyyə Nazirliyinin 1, Maliyyə Bazarlarına Nəzarət Palatasının 1 və fermerlər assosiasiyasının 1 nümayəndəsindən, ümumilikdə 5 nəfərdən ibarət Himayəçilik Şurası nəzarət edəcək. Şuranın sədri Kənd Təsərrüfatı Nazirliyinin təmsilçisi olacaq. Şura üzvləri ictimai əsaslarla işləyəcəklər.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 avqust 2019-cu il.