Mərkəzi Bankın İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə “Standard Insurance” Sığorta Şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib. Səbəb kimi isə şirkətin kapitalını tam itirməsi, cari fəaliyyətini etibarlı qaydada həyata keçirməməsi və istehlakçıların hüquqlarının pozulmasına yol verməsi halları göstərilir. Qeyd olunur ki, şirkətə müvəqqəti inzibatçı təyin edilib, habelə şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib.
Məlumdur ki, bir sıra şəxslər həmin sığorta şirkəti ilə könüllü və icbari sığorta növləri üzrə sığorta müqaviləsi bağlayıb və sığorta haqqı ödəyiblər.
Bəs müqavilə əsasında sığorta hadisəsi baş verərsə dəymiş ziyan üzrə sığorta ödənişi kim tərəfindən həyata keçiriləcək?
Məsələ ilə bağlı "MediaPost"a açıqlama verən hüquqşünas ekspert Əkrəm Həsənov bildiridi ki, əgər sığorta şirkətinin bağlanmasının səbəbi onun iflas olmasıdırsa, bu zaman sığorta şirkətinin ləğvi proseduru çərçivəsində onun əmlakı orada pulu qalan şəxslər arasında mütənasib şəkildə bölüşdürülməlidir: "Yəni əgər Mərkəzi Bank tərəfindən şirkətin müflis olduğu qeyd olunursa, deməli bu şirkətin öhdəliklərini tam icra etmək üçün kifayət qədər vəsaiti yoxdur. Başqa sözlə, şirkətin kreditorları vəsaitlərinin bir hissəsini itirəcəklər.
Bu sığorta şirkətində müəyyən risklərini sığorta edən şəxslərin sığorta hadisəsi zamanı sığorta ödənişlərinin edilməsi ilə bağlı məlumatı Mərkəzi Bank verəcək. İcbari sığorta növü üzrə sığorta müqavilələrinin başqa sığorta şirkətlərinə ötürülmə ehtimalı var. Könüllü sığorta növündə isə bunu dəqiq demək olmur.
Əgər sığorta müqavilələri başqa sığorta şirkətlərinə ötürülməzsə və sığorta ödənişinin edilməsi üçün kifayət qədər məbləğ olmazsa, həmin şəxslər faktiki olaraq sığortasız qalırlar.
Yəni “Standard Insurance” şirkəti ilə sığorta müqaviləsi bağlamış şəxslər itirirlər.
Şirkətin iflas olması onun ödənişləri etmək üçün pulunun çatmamasını göstərir ki, bu halda icbari sığorta istisna olmaqla könüllü sığorta ödənişləri edilməyəcək".
Mənbə: Mediapost.az