Sığorta sahəsindəki boşluqlardan Mərkəzi Banka şikayət edilib - TƏKLİFLƏR

15:31 08.05.2020

Sığorta sahəsi üzrə ekspertlər İlkin İbrahimov və Tural Şükürov Mərkəzi Banka qanunda olan boşluqlarla bağlı müraciət edib.

"MediaPost" xəbər verir ki, məlumatda deyilir: Məlum olduğu kimi, sığorta bazarının peşəkar iştirakçısı sayılan sığorta ekspertlərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edən hüquqi akt mövcud deyil.

Ona görə də bəzi müstəqil ekspertlər bu cür boşluqlardan məqsədyönlü şəkildə özlərinin xeyirlərinə yararlanmağa çalışır. Qanunun və vətəndaşların mənafelərinə zidd mövqe tutaraq ixtisas sahələrinə aid olmayan tədqiqatlar aparır, dəymiş zərər məbləğini qərəzli olaraq manipulyasiya edir, sığorta sahəsində ajiotaj yaradır, narazılıq formalaşdırır və bununla da sığorta sahəsində sabitliyi pozmaq əhval-ruhiyyəsi nümayiş etdirir.

Qeyd olunur ki, vaxtilə maliyyə bazarlarında tənzimləmə və nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və hazırda bu funksiyaları həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankı bir dəfə də olsun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 473-cü maddəsi ilə sığorta qanunvericiliyinin müstəqil ekspertlərlə və sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərlə bağlı tələblərinin pozulması halını sanksiyalaşdırmamışdır.

Ona görə ki, bu cür ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları hər hansı bir hüquqi aktda öz əksini tapmamışdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq və sığorta bazarının peşəkar iştirakçısı sayılan sığorta ekspertlərinin fəaliyyətinin əsas istiqamətlərini və prinsiplərini, habelə sığorta sahəsində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən etmək məqsədilə,“Sığorta Ekspertinin Fəaliyyət Göstərməsi Qaydası” nı qüvvəyə minməsi üçün təqdim edilib.

Mənbə: Mediapost.az