10:39 19.03.2020
Bəs bizdə haçan sıçrayış olacaqdır?! Axı biz oxumağı da, yazmağı da əksər millətlərdən tez öyrənmişik. Biz, 1873-cü ildən “Hacı Qara”, “Lənkəran xanının vəziri” tamaşası ilə teatrlara gedən, 1875-ci ildən “Əkinçi” qəzetinin yaranışı ilə mətbuatı izləyən, 1889-cu ildən mətbəə və tipoqrafiyaları işlədən, 1916-cı ildən “Neft və milyonlar səltənətində” bədii filmi ilə kinolar yaradan ilklərdən deyilikmi?! XIX əsrin ortalarından ölkəmizdə neftin ilk dəfə sənaye üsulu ilə çıxarılması, böyük investisiya axını, neft və neft məhsulları ilə dolu tankerlərin daşındığı dəniz yükdaşıma sisteminin inkişafı, məşhur “İpək Yolu” şərq-qərb quru nəqliyyat dəhlizinin mövcudluğu sığortanın da inkişafını şərtləndirirdi. Ədalət naminə qeyd etməliyik ki, həmin dövrdə sığorta sistemi də kifayət qədər inkişaf edə bilmişdi. Belə ki, artıq 1912-ci ildə Azərbaycanda “Rus Lloydu”, “Şimal-Alman Lloydu”, “Alman Levent Xətti” və s. də daxil olmaqla 30 sığorta cəmiyyəti və agentlikləri fəaliyyət göstərirdi.
Sözümün canı odur ki, gözəl sığortaçılıq tariximiz və ənənələrimiz var, neft-qaz sənayemiz və əlaqəli infrastruktur obyektlərimiz göz qabağında, digər emal müəssisələrimiz, dağ-mədən sənayesi, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq inkişafda, dövlətin məqsədyönlü siyasəti, çoxillik inkişaf proqramları, Yol Xəritəsi və s. və i. hər şey öz qaydasında.
O zaman çatışmayan nədir?! Niyə biz yuxarıda sadaladığımız bir çox ilklərə imza atdığımız halda, sığortada nümunə göstərə bilmirik?!
Bu yazıda daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını örnək tutaraq, əsas diqqəti də məhz bu məsələlərə yönəltməyə çalışacağıq. Gəlin, deyilməli olanları müəyyən sıra ilə çözməyə çalışaq. Beləliklə,
Günah kimdədir?
Bütün günahı sığortaçıların üzərinə ataq və bununla da işimizi bitmişmi sanaq? Xeyir, dostlar! Sığorta cəmiyyətdən ayrı düşmüş bir fəaliyyət sahəsi deyildir. Bankçılığımızda, nəqliyyatımızda, turizmimizdə, tikintimizdə, ticarətimizdə, hətta məişətimizdə olan çatışmazlıqlar sığortadan da yan keçməmişdir. Onu özümüz saflaşdırmalıyıq. Səviyyəli, özünə hörmət edən, hüquqlarını bilən müştəri öz sığortaçısını da inkişafa, dəyişməyə, yenilənməyə sövq edər. Bu, bəlli bir həqiqətdir. Odur ki, gəlin sığortanı öyrənək, bilgilərimizi artıraq, sığorta hüququnu və ümumi hüquqlarımızı bilək. Bunun üçün heç də hüquqşünas olmağa lüzum yoxdur.
Hörmətli müştərilər!
Söyləyə bilərsiniz ki, daşınmaz və daşınar əmlakın könüllü sığortası, habelə könüllü mülki məsuliyyət sığortaları üzrə məhsullar var ikən, bunların icbarisinə ehtiyac var idimi? Məncə, ehtiyac var idi və aşağıdakı bəndlərdə bunların niyəsini aydınlaşdırmağa çalışacağam ki, hər kəs üçün anlaşıqlı olsun.
Hörmətli sahibkarlar, ucuz icbari daşınmaz əmlak sığortası əldə edin, biznesinizi müdafiə edin!
Fərz edək ki, siz uyğun bir tikilidə makaron istehsal edirsiniz. Sığorta hadisəsi nəticəsində istifadə etdiyiniz tikiliyə zərər dəymiş, trasportyor sıradan çıxmış və istehsal dayanmışdır. Bu halda düşdüyünüz acınacaqlı durumu geniş təsvir etməyə ehtiyac yoxdur. Öz gücünüzə qalsa, təmirə bir neçə ay gərəkdir. Bir qayda olaraq, müəssisələrdə tələb olunan vaxt kifayət qədər likvidli vəsait olmur. Siz də vergi-rüsum, əmək haqqı ödəyirsiniz. Siz sərbəst resurslarınızı investisiyaya yönəltmiş və ya daşınmaz əmlak almısınız. Sizin müqavilə tərəfdaşlarınızla qarşılıqlı ödəniş öhdəlikləriniz vardır və s. Əlqərəz, sizdə təmir üçün o qədər pul hardandır?! Hələ üstəlik, siz xammal təmin edən tərəfdaşlarınızla müqavilə şərtlərini pozmağa məhkumsunuz. Məsələn, deyək ki, makaron istehsalı üçün lazım olan un, yumurta və s. qəbul edə bilmədiyinizə görə, eləcə də hazır məhsul alıcılarınızla müqavilə şərtlərini pozduğunuza görə cərimə ödəməli olacaqsınız, ortada hüquqi müqavilə var. Hələ məsələnin mənəvi tərəfi də vardır. Qocalar evini, uşaq baxçalarını, internatları, hərbi hissələri və s. müntəzəm olaraq makaronla təmin etmək öhdəliyiniz, bu müəssisələri heç ərzaqsız qoymaq olarmı?!
Bəs necə etməli? Sizin icbari sığorta müqaviləsi bağlamaqdan başqa digər çıxış yolunuz varmı? Əlbəttə, yoxdur. Sığortaçıda isə həmişə pul olur – bu, elə onun (sığortaçının) mahiyyətinin lap mayasında dayanır. O, sizin tikilinizi və onun tərpənməz avadanlıqlarını dərhal təmir edər, siz istehsalı bərpa edər və yuxarıdakı problemlərdən canınızı qurtararsınız. Məşhur Smilyan Morinin bu sözlərini də unutmayın: “Sığorta paraşütə oxşayır – lazım olan anda yoxdursa, sonra faydasızdır”.
Qoy hər birinizin lazım olan an üçün daşınmaz əmlak sığortanız olsun!
Bir millət olaraq, bizim çox üstünlüklərimiz vardır. Bunlardan biri də hər kəsin özünün şəxsi mənzilinə, evinə, mülkünə sahib olmaq arzusudur. Əksər ölkələrdə insanlar ömür boyu icarələrdə yaşamağı məqbul saydıqları halda, özünün ata “ocağı”na malik olmaq hər bir Azəri övladının həyatının əsas qayəsi, başlıca həyat kredosudur. Bunu ki, hamımız yaxşı bilirik. Əgər belədirsə, gəlin ailə büdcəmizdən kiçicik bir məbləği sığorta haqqı kimi ayıraq, evimizi-eşiyimizi sığortalayaq, rahat həyat yaşayaq. Burada böyük dövlət xadimi Uinston Çerçilin də bir məşhur deyimini yadda saxlamaq əhəmiyyətli olardı: “Sığorta haqqını ödəməklə müflis olan ailə tanımıram, bunu etməyib müflis olanları tanıyıram”. Yuxarıda ailəni dövlətlə müqayisə etdik. Lakin ailənin müflis olması dövlətin defolt olmasından da betərdir.
Allah sizi, ailənizi qorusun, ata ocaqlarınızda işığınız sönməsin!
Ancaq sığortanı da unutmayın.
Hörmətli dövlət məmurları!
Təhlükəsizliyinə görə məsuliyyət daşıdığınız bütün növdən olan daşınmaz əmlakın - istifadə etdiyiniz idarə və ya ofis binasının, qərargahın, emal sexinin, anbarın, kompleks və konstruksiyaların icbari sığortalanması məqsədilə sığortaçı ilə müqavilələr bağlayın. Öz əhatənizdəki obyektlərin təhlükəsizlik və müdafiə qayğılarını sığortaçılara həvalə edin. Dövlətin qayğı və görəvləri onsuz da kifayət qədərdir. İndi bütün dünyada istehsal və xidmət sahələrinin dövlətsizləşdirilməsi siyasəti aparılır. Büdcədən ayrılan vəsaitlərdən səmərəli istifadə edin, sığorta təminatı ilə daha əhəmiyyətli layihələrə imza atın və necə deyərlər, vəzifə kürsüsündə özünüzü daha rahat hiss edin. Bir məşhurun qeyd etdiyi kimi, “Sığorta polisi maliyyə risklərinizə qarşı təhlükəsizlik kəməridir”. Bu kəmərdən məharətlə yararlanın.
İşimlə əlaqədar sığorta vasitəçiləri ilə tez-tez görüşürəm. Onlar daha çox daşınmaz əmlak sığortası sahəsində fəaliyyət göstərirlər. Sığorta agentləri sığortalama vaxtı obyekt sahibləri ilə yaşanan bir problem barəsində çox danışırlar. Obyekt sahibi: ”Əmlakımızı deyirsiniz, sığortalayaq, etirazımız yoxdur. Bəs bu məsuliyyət sığortası haradan çıxdı?”
Hörmətli obyekt sahibləri!
Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası heç də birbaşa daşınmaz əmlak sığortasından az əhəmiyyətli deyildir. Aşağıdakı nümunədə siz özünüz buna əmin olacaqsınız. Fərz edək ki, “İntelekt” Təlim Mərkəzinin direktoru Feyzulla müəllim (adlar şərtidir) Mərkəzin 500 kvm-lik sahəsi olan tikilisini daşınmaz əmlakın icbari sığortası üzrə sığortalamış, lakin müvafiq icbari mülki məsuliyyət sığortası müqaviləsini bağlamaqdan imtina etmişdir. Yay tətili dövründə Feyzulla müəllim Mərkəzin otaqlarını təmir etdirir. Fəhlələrdən biri suyu açıq qoyaraq axşam evinə gedir. Ertəsi gün Mərkəzin altında zirzəmidə yerləşən komputer təmiri mərkəzinin müdiri Feyzulla müəllimin qapısını kəsdirmişdi. Sən demə, gecə nəzarətsiz qalan su aşıb-daşmış, zirzəmiyə axmış və komputer və aksessuarların əksəriyyətini yararsız hala salmışdır. Təbiidir ki, bu halda Feyzulla müəllim, yaxasını kənara çəkə bilməzdi. O, zərərvuran tərəf kimi komputerlərə dəyən bütün zərərləri ödəməlidir. Amma o, cəmi 60 manat ödəyərək, sığorta müqaviləsi bağlamış olsaydı, indi yüzlərlə dəfə artıq ödəniş etməz və bu işi sığortaçı öz üzərinə götürmüş olardı.
Mixail Mamçiç yazır: “Həyatın əsil dəyərini yalnız sığorta polisi aldıqdan sonra bilmək olar”. Yarımçıq dəyər almayın, hərtərəfli, etibarlı, tam dəyər əldə edin. Lazım olan bütün sığorta məhsullarından faydalanın.
Bildiyiniz kimi, hər bir sığortalı sığortaçını seçməkdə sərbəstdir. Bu, qüvvədə olan qanunlarda da göstərilir. Bəs siz öz daşınmaz əmlakınızın və daşınmaz əmlak sahibi kimi mülki məsuliyyətinizin sığortasını hansı sığorta şirkətinə etibar etməli, yaxud sığortaçınızı hansı üstünlüklərinə görə seçməlisiniz?
Dostlar, artıq keçid dövrü başa çatmışdır və indi sizin harasa göstərmək naminə deyil, əsil mənada sığortalanmaya keçməyinizin vaxtıdır. Təbiidir ki, siz ilk öncə müraciət edəcəyiniz sığortaçının maliyyə sabitliyini qiymətləndirməyi bacarmalısınız. Bu məqsədlə şirkətin maliyyələşdirilməsi, ödənilmiş nizamnamə kapitalı, təkrarsığortanın səviyyəsi və keyfiyyətinin öyrənilməsi həlledici əhəmiyyət kəsb edə bilər. Səhmdarların tərkibinin öyrənilməsi də vacibdir. Məsələn, siz bilməlisiniz ki, səhmdarı beynəlxalq statuslu maliyyə institutu, məsələn, fərz edək ki, AYİB olan sığorta şirkətinin maliyyə dayanıqlılığı səhmdarı bir yerli maliyyə qrupu olan sığorta şirkətinin durumundan dəfələrlə üstündür. Eləcə də, bir neçə mühüm iştirak paylarına malik səhmdarları olan sığortaçının maliyyə vəziyyəti bir səhmdarı olan sığortaçıdan daha yaxşıdır. Başqa sözlə, sübuta ehtiyac yoxdur ki, bir neçə nüfuzlu maliyyə qurumunun eyni vaxtda iflas olma ehtimalı bir maliyyə qrupundan, habelə bir neçə səhmdarın ödəniş qabiliyyətsiz elan olunması ehtimalı bir şəxsinkindən daha aşağıdır.
Etibarlı sığortaçını seçərkən siz müştərilərin rəyini, şirkətin əhali arasında populyarlığını, təcrübəsini, bazarda olma tarixini, reytinq və reputasiyasını da göz önünə almalısınız.
Təbiidir ki, siz yuxarıdakıları nəzərə almalısınız və söz yox ki, nəzərə də alacaqsınız. Lakin potensial müştəri olaraq, sığortaçının satıcısının biliyi, peşəkarlığı, mədəniyyəti, empatiyası, təqdimetmə qabiliyyəti sizin son qərarınıza əhəmiyyətli təsir göstərə bilər. Siz satıcının bu bacarıqlarını qiymətləndirməyi bacarmalısınız. Bu minvalla ən azı sizin üçün çox vacib olan belə bir qənaətə gələcəksiniz: “Bu cür savadlı və qabiliyyətli işçisi ilə satışı belə yüksək səviyyədə təşkil edən sığortaçı ilə gələcəkdə heç bir problem yaşana bilməz”.
Sandıqlarda, balışlar altında “yaman gün”ə saxlanılan vəsaitlər
Hələ bineyi-qədimdən dünya görmüş baba və nənələrimiz həmişə “bəd” günlər üçün ehtiyat tədbirlər görərdilər. Onlar puldan öncəki dövrdə taxıl və digər ərzaq tədarükü edər, öz ailələrini hər cür təsadüfi “sürprizlərdən” qoruyardılar. Sonrakı dövrlərdə isə onlar bu ehtiyatları qızıl, gümüş, digər zinət əşyaları və pul formasında edər, özlərini bir növ hər hansı gözlənilməz bədbəxçiliklərdən sığortalayardılar.
Bəs indi vəziyyət nə yerdədir?
Böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün də belə hallarla üzləşməkdəyik. İnsanlarımız gündəlik tələbatdan artıq qalan pullarını bəzən öz evlərində - sandıqlarda, döşək altında saxlamağa üstünlük verirlər. Əcdadlarımızı başa düşmək olardı, çünki o zaman nə bank var idi, nə də sığortaçı. Bəs onda, indinin özündə də sandıqlara “yaman günə” pul yığan müasirlərimizə nə ad verək?
Hörmətli həmvətənlər!
Artıq zaman o zaman deyil. İndi, köhnə söz olmasın, qəza da var, divan da. Uzaq olsun, həyatınızda hər cür xoşagəlməz hadisələrindən sizləri sığortalyacaq sığorta şirkətləri vardır. Həm də bu sığortaçılar maliyyə baxımından kifayət qədər güclüdürlər. Sığortaçını özünüz seçin, daşınmaz əmlakınızı və mülki məsuliyyətinizi sığortalayın. Kiçik həcmli pullarınızı sığorta haqqı kimi seçdiyiniz sığortaçının hesabına ödəyin, dəyəri on minlərlə ölçülən daşınmaz əmlakınızı - evinizi, obyektinizi icbari sığorta etdirin!
Hörmətli müştərilər!
Ödədiyim pullar batar, deyə təlaş keçirməyin. İndi sığortaya ödədiyiniz pulların batması ehtimalı sıfıra bərabərdir. Bugünkü sığortaçı 30 il bundan öncəki sığortaçı da deyil artıq. Sığorta şirkətləri özfəaliyyət göstərmir və sizin sığorta maraqlarınız sığortaçı tərəfindən dövlət nəzarəti altında qorunur. Sığortaçıda korporativ idarəetmə modeli, onun daxili audit xidməti, aktuari qrupu, təftiş komissiyası onun maliyyə sabitliyinin və ödəniş qabiliyyətliliyinin qarantıdır.
Bir sözlə, pullarınızı sandıqlardan çıxarın. Özünütəminatın, ehtiyatlılığın və qorunmanın daha sivil formasını seçin. “Ehtiyat igidin yaraşığıdır”, deyərlər. Əgər belədirsə, ehtiyatlılığınızı sığortaçı ilə daha da artırın, özünüzə güvənli, stabil, sığortalı gələcək qurun. Konstantin Madeyin bir zamanlar söylədiyi, indi aforizm kimi səslənən bu sözləri də unutmayın:
“Sığorta ümidsizliyin zülmətində maliyyə şamıdır”.
Mənbə: Fed.az
Müraciətiniz uğurla göndərildi. Qısa müddət ərzində sizinlə əlaqə saxlanılacaq.
Hörmətli istifadəçi. Hesaba daxil olmaq üçün zəhmət olmasa daxil ol bölməsinə uyğun məlumatları daxil edin.