preloader gif

Ötən il Azərbaycanın sığorta bazarı iştirakçıları 728,6 milyon manat sığorta yığımı təmin ediblər


Xidmətimizdən razı qaldınızsa bizdən danışın!

Xidmətimizdən narazı qaldınızsa bizimlə danışın!

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri
09:59 13.04.2021

Dünya sığorta bazarı ötən ilin əvvəlindən etibarən müşahidə olunan qlobal epidemik və iqtisadi şokların təsiri ilə əlaqədar olaraq daralma ilə üzləşib. Baş verən şoklara qarşı dünya ölkələri tərəfindən həyata keçirilən müxtəlif miqyaslı antiböhran tədbirlərinə baxmayaraq iqtisadi resessiya qaçılmaz olub. Qlobal iqtisadi resessiya böyük depressiya illərindən etibarən ən yüksək miqyasda baş verdiyi üçün demək olar ki, əksər ölkələrin maliyyə, o cümlədən sığorta bazarları kiçilməyə başlayıb.

“Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyindən bildirilib ki, lakin təhlillər və real hesabat rəqəmləri onu deməyə əsas verir ki, Azərbaycanın sığorta bazarı ötən dövr ərzində xarici şokların yaratdığı neqativ tendensiyadan yayına bilib. Qlobal pandemiya və resessiya şəraitində hökumətin həyata keçiridiyi antiböhran tədbirləri nəticəsində Azərbaycan iqtisadiyyatının xarici və daxili şoklara dözümlüyü gücləndirilib, nəticədə dərin iqtisadi resessiyanın qarşısı alınıb.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2019-cu il noyabrın 28-də imzaladığı “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Mərkəzi Banka verilib. Bununla da Azərbaycan Mərkəzi Bankı həm də yerli sığorta bazarına üst nəzarətedici orqana çevrilib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın sığorta bazarı COVID-19 pandemiyasının labüd hala çevridiyi məhdudlaşdırma tədbirlərinə baxmayaraq müsbət dinamikanı qoruyub saxlaya bilib. Azərbaycan Mərkəzi Bankının hələ ötən il pandemiyanın yerli sığorta bazarına yarada biləcəyi potensial risklərin minimumlaşdırılması məqsədilə həyata keçirdiyi “Tədbirlər Planı” 2020-ci ildə sığorta bazarında aktivliyin saxlanılmasına müsbət təsir edib.

2020-ci ilin yerli sığorta bazarı ilə bağlı yekun icmal göstəricilərinə nəzər salsaq proqressiv tendensiyanı əyani şəkildə müşahidə etmiş olarıq. Belə ki, ötən il Azərbaycanın sığorta bazarı iştirakçıları 728,6 milyon manat sığorta yığımı təmin edib. Bu, 2019-cu ilin icmal göstəriciləri ilə müqayisədə 47,5 milyon manat çoxdur. Göründüyü kimi, yerli bazar, pandemiya kimi məhrumiyyətlərlə zəngin bir dövrdə yığımları nəinki stabil saxlaya bilib, hətta ötən illərin yığım göstəricilərini ötməklə regionda mühüm irəliləyişə nail olub.

Maraqlı və sevindirici fakt ondan ibarətdir ki, artım trendi yalnız sığorta yığımlarında yox, eyni zamanda sığorta bazarı iştirakçılarının kapitallaşmasında da özünü bariz şəkildə göstərib. Belə ki, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətinin 2020-ci ildə təmin etdiyi ümumi məcmu gəlirləri 907,71 milyon manat təşkil edib. Bu rəqəm 2019-cu ilin kapitallaşma göstəriciləri ilə müqayisədə 33,6 faiz çoxdur. Doğrudur, COVID-19 və digər bu kimi xarici şokların yaratdığı nəticələr səbəbilə, qeyd olunan dövr ərzində məcmu xərclərdə də artım müşahidə olunub. Lakin Azərbaycan Mərkəzi Bankının sığorta sektoruna uğurlu və konstruktiv nəzarət mexanizmi və yanaşması nəticəsində 2020-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 104,52 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin müvafiq göstəriciləri ilə müqayisədə 15,8 faiz çoxdur.

Qeyd olunan dövr ərzində 19 sığorta şirkəti tərəfindən dövlət büdcəsinə ödənilən mənfəət vergisinin həcmində də artım olub. Belə ki, 2020-ci ildə yerli sığorta bazarı iştirakçıları 2019-cu illə müqayisədə 4.2 faiz daha çox, yəni 23,59 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Nəticədə Azərbaycan sığortaçılarının 2020-ci ildə təmin etdiyi məcmu xalis mənfəəti 80,93 milyon manat olub. Bu da 2019-cu illə müqayisədə 19,7 faiz çoxdur. Qeyd etmək lazımdır ki, ötən il maliyyə mənfəətini artırmış 10 şirkət həm də xalis mənfəətini yüksəldib.

Rəqəmlər də onu göstərir ki, Azərbaycan Mərkəzi Bankının yerli sığorta bazarına nəzarətedici kimi ilk fəaliyyət ili nəticələrinə əsasən qeyd edə bilərik ki, sektor yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Mərkəzi Bankının nəzarət ili çərçivəsində sektorun kapitallaşması, bununla da onun makroiqtisadi şoklara qarşı immunitetinin gücləndirilməsi, habelə, maliyyə dayanıqlığını itirmiş bazar iştirakçılarının sektordan uzaqlaşdırılması tədbirləri bazarın sağlam və etibarlı inkişafı baxımından mühüm əhəmiyyətə malik olub. Fundamental və texniki sektorial təhlillər onu proqnozlaşdırmağa əsas verir ki, yeni inkişaf mərhələsi yerli sığorta bazarına modern çağırışlar qazandırmaqla, həm də bazarda yeni bir uğur paradiqması yaratmaqdadır. Reallıq isə dəyişməzdir – sabahın uğurlu sığortası bu günün icbari gerçəyidir.

Mənbə:Fins.az

SIĞORTANI İNDİ ƏLDƏ ET