Azərbaycanın 19 sığortaçısının məcmu xalis mənfəəti 20% artıb

10:47 06.04.2021

sığorta bazarı,sığorta,sığorta növləri, sigorta,sığorta ödənişi,sigorta ödənisi,sığorta haqqı,sigorta haqqi,sigorta sirketleri,sığorta şirkətləri

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətinin 2020-ci ildə məcmu gəlirləri 907,71 milyon manat təşkil edib.

Bu, 2019-cu ilə nisbətən 33,6% çoxdur.

Ötən il sığortaçıların məcmu xərcləri isə 36,3% artaraq 803,186 milyon manat olub. Şirkətlərdən 14-nün gəlirləri, 14-nün isə xərcləri artıb. 1 şirkət – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC isə əvvəlki il bazarda olmadığı üçün onun gəlir və xərclərinin, eləcə də digər maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

2020-ci ilin yekununda sığortaçıların məcmu maliyyə mənfəəti 104,523 milyon manat olub ki, bu da əvvəlki illə müqayisədə 15,8% çoxdur. 10 şirkətdə maliyyə mənfəəti artıb, 6 şirkətdə maliyyə mənfəəti azalıb, 2019-cu ildə maliyyə zərərinə uğramış 2 şirkət isə 2020-ci ildə maliyyə mənfəəti əldə edib.

Ötən il sığorta şirkətləri 23,591 milyon manat məbləğində mənfəət vergisi ödəyib. Bu, əvvəlki ilə nisbətən 4,2% çoxdur. 18 şirkətdən 11-i vergi ödənişlərini artırıb, 4-ü vergi ödənişlərini azaldıb, əvvəlki il vergi ödəməmiş 3 şirkət ötən il də vergi ödəməyib.

2020-ci ilin Azərbaycan sığortaçılarının məcmu xalis mənfəəti isə 80,933 milyon manat olub. Bu da 2019-cu illə müqayisədə 19,7% çoxdur. Ötən il maliyyə mənfəətini artırmış 10 şirkət həm də xalis mənfəətini artırıb. Maliyyə mənfəəti azalmış 6 şirkətin həm də xalis mənfəəti azalıb, 2019-cu ili zərərlə başa vurmuş 2 şirkət isə 2020-ci ili mənfəətlə başa vurub.


Report.az