preloader gif

Aqrar sığorta mexanizminin tətbiqi ilə bağlı fermerlərlə görüşlərə başlanılıb

sigorta, sığorta, sığorta bazarı, sigorta bazari, sığorta şirkətləri, sigorta sirketleri, pasa sigorta, paşa sığorta 14:05 16.09.2020

Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi, bu sahədə yerli fermer və sahibkarların məlumatlandırılması işləri çərçivəsində Aqrar Sığorta Fondu (ASF) Şamaxıda fermerlərlə görüşlər keçirib.

ASF-dan Fins.az-a bildirilib ki, Şamaxıda yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) dəstəyi ilə təşkil edilən görüşlər heyvandarlıq və üzümçülük təsərrüfatlarında baş tutub. Rayonun İkinci Çaylı kəndində yerləşən və fermer Habil Əzimova məxsus təsərrüfatda digər fermerlərin də iştirakı ilə keçirilən görüşdə kənd təsərrüfatı bitkiləri, o cümlədən üzümçülüklə bağlı risklər, təbiət hadisələrinin bitkiçiliyə təsiri, onların vurduğu zərər və onun tənzimlənməsi məsələləri müzakirə edilib.

Görüşdə fermerlər xüsusilə dolu hadisəsinin üzümçülüyə təsiri barədə məlumat veriblər. Bəzi fermerlər son illər dolu nəticəsində böyük məbləğdə zərərlə üzləşdiklərini bildirərək bu hallardan sığortanın vacibliyini qeyd ediblər. Fermerlərə məlumat verilib ki, aqrar sığorta üzüm bitkiləri və məhsullarının sığortalanmasını nəzərdə tutur və bu risklərə dolu hadisəsi də aiddir. Görüşdə zərərin və risklərin azaldılması üçün məhsullara aqrotexniki qulluğun və bitki mühafizə tədbirlərinin vacibliyi qeyd olunub, eləcə də üzüm sahələrinə dəyən zərərin qiymətləndirilməsi üsulları nümayiş etdirilib.

Rayonun Qızmeydan kəndində yerləşən və fermer İlham Səmədova məxsus olan heyvandarlıq təsərrüfatında keçirilən görüşdə isə kənd təsərrüfatı heyvanlarının sığortası, bunun üçün nəzərdə tutulan tələblər və risklər barədə müzakirələr aparılıb. Ətraf kəndlərdəki fermerlərin iştirakı ilə keçirilən görüşdə heyvanların saxlanma şəraiti, onlara qulluq, kənd təsərrüfatı heyvanlarının zədələnməsi və tələfolma səbəbləri açıqlanıb.

İş adamları və fermerlər bildiriblər ki, heyvanların xəsarət alması və zədələnməsi halları ən çox xəstəliklərdən və infeksiya səbəbindən baş verir. Qeyd olunub ki, indiyədək müxtəlif səbəblərdən heyvanların məhvi və zədələnməsi baş versə də, aqrar sığorta mexanizmi olmadığına görə onlara dəyən zərəri kompensasiya etmək mümkün olmayıb. Fermerlər bildiriblər ki, aqrar sığorta mexanizminin işə düşməsi belə risklərin qarşısını almağa və zərəri qarşılamağa imkan verəcək.

Görüşlərdə aqrar sığorta ilə bağlı iş adamları və fermerlərin aqrar sığorta ilə bağlı rəyləri öyrənilib, sahibkarların təklifləri dinlənilib.

Xatırladaq ki, aqrar sığorta mexanizmi vasitəsilə, ilk növbədə, kənd təsərrüfatı heyvanlarının, kənd təsərrüfatı bitki və məhsullarının sığortalanması nəzərdə tutulur.

Mənbə: Fins.az