Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitələrinin sığortası (KASKO) üzrə 2023-cü ilin yanvar-iyul ayları ərzində 27 milyon 178 min manat sığorta haqqı toplayıb.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 21.6% və ya 4 milyon 828 min manat çoxdur. Ötən ilin ilk 7 ayında KASKO sığorta üzrə 22 milyon 349.9 min manat sığorta haqqı toplanıb.
Bu dövrdə avtonəqliyyat vasitələrinin sığortası üzrə ödənişlərinin həcmi 10 milyon 167.6 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6.8% və ya 646.8 min manat çoxdur. 2022-ci ilin ilk 7 ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 9 milyon 520.8 min manata bərabər olub.
Sığorta ödənişlərinə nisbətən yığımların daha çox artması son bir ildə KASKO sığortası üzrə zərərliliyi 12.2% azaldıb. Belə ki, ötən ilin ilk 7 ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 42.6 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk 7 ayında bu rəqəm 37.4 manat təşkil edib.