Rəqəmsal iqtisadiyyat mexanizmlərinin təmin edilməsi və əlverişli investisiya mühitinin yaradılması, eləcə də ən son innovasiyaların tətbiqi və əhalinin bu innovasiyalara kütləvi əlyetərliyinin təmin edilməsi üzrə ölkənin dünya liderləri sırasına daxil olması üçün dövlət tərəfindən qarşıya qoyulan məqsədə nail olunmasına dəstək məqsədilə “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru hesab edilən "B.EST Solutions" şirkəti iyunun 20-dən etibarən “Asan İmza” gücləndirilmiş mobil elektron imza xidmətini respublika vətəndaşları üçün (“Vətəndaş” tipli “Asan İmza” xidməti) 3 il müddətinə ödənişsiz təqdim etmək qərarına gəlib.
Bu barədə “Report”a şirkətdən məlumat verilib.
Məlumatda deyilir ki, koronavirus (COVID-19) epidemiyası ilə bağlı mövcud vəziyyəti nəzərə alaraq, Azərbaycanda rəqəmsal iqtisadiyyatın sürətli inkişafı və vətəndaşların dövlət və özəl sektorların elektron xidmətlərinə geniş əlyetərliyinin təmin edilməsi zəruridir:
“Vətəndaşlar üçün “Asan İmza” xidməti onlara sosial sığorta, pensiyalar, sosial müavinətlər kimi elektron xidmətlərə uzaq məsafədən əlyetərlikdən əlavə nağdsız ödənişlərdən, onlayn kreditləşmələrdən, notariuslardan və s. kütləvi istifadə imkanı yaradacaq.
Bu da öz növbəsində şəffaflığı artıracaq, vaxt və resurslara qənaət edəcək və vətəndaşları lazımsız bürokratiyadan azad edəcəkdir. Xatırladaq ki, əvvəllər bu xidmətin aktivləşdirilməsi ödənişli olub, 18 manat təşkil edirdi. Qeyd etmək lazımdır ki, "Asan İmza" xidmətinin sahibkarlar və dövlət qulluqçuları üçün nəzərdə tutulan "Biznes" və "Dövlət" tiplərinin qiyməti, həmçinin “Asan İmza” istifadəçilərinin bütün kateqoriyaları üçün aylıq abunə haqqı dəyişilməz olaraq qalır.
Xüsusilə vurğulayaq ki, “Asan İmza” xidmətini mövcud mobil nömrədə aktivləşdirmək olar və yeni bir nömrənin alınmasına ehtiyac yoxdur”.
Mənbə: Report.az