Sığorta terminləri

sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayanfəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi

təkrarsığorta – sığortaçının sığorta müqaviləsi üzrə sığortaladığı risklərin bütövlükdə, yaxud bir hissəsinin təkrarsığortaçı ilə bağlanmış müqaviləyə
 müvafiq olaraq ötürülməsi və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi

sığortaçı – bu Qanun əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs

sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi

sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs faydalanan şəxs - icbari sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs

təkrarsığortaçı – sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olan ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf

təkrarsığortalı – sığortaladığı və ya təkrarsığortaladığı riskləri təkrarsığorta müqaviləsi əsasında təkrarsığorta etdirən (təkrarsığortaya ötürən) sığortaçı və ya təkrarsığortaçı

sığorta nəzarəti orqanı – sığorta sektorunda dövlət tənzimləməsi və nəzarəti funksiyalarını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı

sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma

sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd

sığorta qaydaları - sığorta qanunvericiliyinə uyğun olaraq, sığortaçının həyata keçirdiyi könüllü sığorta növünün əsaslandığı, sığortaçının özü tərəfindən və ya sığorta qanunvericiliyində nəzərdə tutulmuş digər qaydada hazırlanan, həmin sığorta növü üzrə qayda və şərtləri müəyyən edən sənəd

sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi

sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği

sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi

qaytarılan məbləğ – həyatın yığım sığortası üzrə müqaviləyə vaxtından əvvəl xitam verilərkən sığortaçının sığortalıya ödəməli olduğu pul məbləği

sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal

sığorta riski və ya risk – sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik

sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal

sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti; bu anlayış təkrarsığorta müqavilələri üzrə təkrarsığortalının təkrarsığortaçıya etdiyi müvafiq müraciətinə münasibətdə “təkrarsığorta tələbi” kimi işlədilir

sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası

şəxsi tutum – sığorta və ya təkrarsığorta müqaviləsinə əsasən sığorta riskinin sığortaçının (təkrarsığortalının) öhdəliyində qalan hissəsi

şərikli sığorta – sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərinin birgə sığortalanması və sığorta ödənişi üzrə öhdəliklərin bölüşdürülməsi barədə bir neçə sığortaçının öz aralarında bağladıqları müqavilədən yaranan hüquqi və iqtisadi münasibətlər mexanizmi

həyatın yığım sığortası – sığortalının müntəzəm şəkildə ödədiyi sığorta haqlarının sığortaçıda müddətli yığım vəsaitləri kimi toplanılmasını nəzərdə tutan həyat sığortasının aparılmasının forması

aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis

lisenziya – sığortaçıya sığorta fəaliyyətini, təkrarsığortaçıya təkrarsığorta fəaliyyətini, sığorta brokerinə sığorta brokeri fəaliyyətini, sığorta agentinə sığorta agenti fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəd

tələb olunan kapital – sığortaçının maliyyə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi üçün tələb olunan vəsaiti ifadə edən məbləğ

sığortaçının öz vəsaiti – sığortaçının öhdəliklərindən azad olan, məbləği sığorta nəzarəti orqanı tərəfindən müəyyən edilən qaydalara əsasən hesablanan vəsaitləri

məcmu kapital – sığortaçının maliyyə sabitliyinin və ödəmə qabiliyyətinin təmin edilməsi üçün lazım olan vəsaitin mövcud məbləği

şəxs – fiziki şəxs və ya hüquqi şəxs
yerli hüquqi şəxs – Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təsis edilən istənilən hüquqi şəxs

xarici fiziki şəxs – Azərbaycan Respublikasının vətəndaşı olmayanvə daimi yaşayış yeri Azərbaycan Respublikasının ərazisi olmayan fiziki şəxs

xarici hüquqi şəxs – yerli hüquqi şəxs anlayışı ilə əhatə edilməyən hüquqi şəxslər xarici sığortaçı – öz ölkəsinin qanunvericiliyinə əsasən sığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs

xarici təkrarsığortaçı – öz ölkəsinin qanunvericiliyinə əsasən təkrarsığorta fəaliyyətini həyata keçirmək hüququ olan xarici hüquqi şəxs

törəmə cəmiyyət – Sığorta Faəliyyəti Haqqında AR Qanununun məqsədləri üçün idarə edilməsində əsas təsisçisinin (səhmdarının) əhəmiyyətli nəzarətə malik olduğu hüquqi şəxs

asılı cəmiyyətlər - biri digərinin və ya onların hər birinin eyni üçüncü şəxsin (şəxslərin) əhəmiyyətli nəzarəti altında olan hüquqi şəxslər

əhəmiyyətli müqavilə - Sığorta Faəliyyəti Haqqında AR Qanununun məqsədləri üçün, hər hansı şəxsə onun hüquqi şəxsin səhmlərinə malik olub-olmamasından asılı olmayaraq həmin hüquqi şəxsə qərarların qəbul edilməsində mühüm təsir göstərmək səlahiyyəti verən müqavilə

əhəmiyyətli nəzarət – Sığorta Faəliyyəti Haqqında AR Qanununun məqsədləri üçün səhmdarın hüquqi şəxsin yerləşdirilmiş adi səhmlərinin 50 faizinə və ya daha çox hissəsinə malik olması, yaxud əhəmiyyətli müqavilə əsasında hər hansı şəxs tərəfindən hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərmək imkanı

mühüm iştirak payı – nizamnamə kapitalında yerləşdirilmiş səhmlərin 20 və ya daha çox faizinə birbaşa və ya dolayı yolla malik olma; şəxs hüquqi şəxsdə o zaman dolayı yolla mühüm iştirak payının sahibi hesab edilir ki, o, bu hüquqi şəxsdə mühüm iştirak payına malik olan digər hüquqi şəxsə əhəmiyyətli nəzarəti həyata keçirsin

vətəndaş qüsursuzluğu – Sığorta Faəliyyəti Haqqında AR Qanununun nəzərdə tutulan şəxslər üçün: qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkumluğun olmaması; müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmaması;

yaxın qohumlar – Sığorta Faəliyyəti Haqqında AR Qanununun məqsədləri üçün ər, arvad, valideynlər, övladlar, övladlığa götürülənlər, bacılar, qardaşlar, ərin və ya arvadın valideynləri, bacıları, qardaşları