Bu ilin yanvar-mart ayları ərzində baş verən bütün yol-nəqliyyat hadisələrinin 47,3 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 80,1 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib.
Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 6 hadisə baş verib, nəticədə 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. Hadisələrin 50 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
Bundan başqa, bu ilin yanvar-mart aylarında yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 841,7 min olub.
Xətaların 39,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 11,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 25,4 milyon manat məbləğində cərimələr tətbiq edilib.
Mənbə: Report.az